«Bundan sonra heç kim bu istəklə mənim yanıma gəlməsin».
«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov futbolçularına belə bir xəbərdarlıq edib.
Təcrübəli mütəxəssis yeni-yeni transfer təklifləri ilə onun və klub rəsmilərinin qapısının ağzını kəsdirən, «getmək istəyirəm» söyləyən komanda üzvlərinə sərt üzünü göstərib.
Bildirib ki, onları qarşıda Çempionlar Liqasının iki vacib oyunu gözləyir və belə bir vaxtda digər mövzularla beynini məşğul eləmək istəmir.
O, «Ayntraxt» və «Liverpul»la qarşılaşmalara ciddi hazırlaşmalı olduqlarını, yalnız pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparmalarının gərəkdiyini söyləyib.
Təcrübəli mütəxəssis əlavə edib ki, son həftələrdə gələn transfer təklfilərini dəyərləndirmək lazım olsa, onda «Qarabağ»da heç kim qalmasın. Çünki bütün oyunçular dünyanın müxtəlif ölkələrindən belə çağırışlar alıb.
Qurbanov bu kimi məsələlərə ən yaxşı halda yayda, mövsümün sonunda qayıda biləcəklərini söyləyib.
Başqa sözlə, o, həmin vaxtdan tez transfer təkliflərinə münasibət bildirməyəcək.
SPORTİNFO.AZ

