“Zirə”nin Xorvatiyadan - “Varajdin”dən icarə əsasında heyətinə qatdığı Rüfət Abdullazadə müsahibə verib.
Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Zirə"yə keçməsindən və Avropada çox qala bilməməsindən danışıb.
- “Zirə”yə keçidiniz necə baş tutdu? Təklifi nə vaxt almışdınız?
- Bu keçid prosesi tam şəkildə menecerim vasitəsilə aparılıb. Mən həmin dövrdə istirahət üçün Azərbaycana gəlmişdim və yanvarın 4-də yenidən geri qayıtmalı idim. Qayıdışıma cəmi bir gün qalmış menecerimlə danışdıq. O, mənə müəyyən şərtlər daxilində “Zirə” klubunun marağını və rəsmi təklifini bildirdi. Təklifdə klubun planları, mənə olan inamı və qarşıya qoyulan məqsədlər açıq şəkildə izah olunmuşdu. Menecerimin bu keçidlə bağlı tövsiyəsi və mənim də razılığımdan sonra bütün detalları dəyərləndirib təklifi qəbul etdik.
- Adınız “Kəpəz”lə də yanaşı hallanırdı. Həqiqətən Gəncə klubundan təklif almışdınız?
- “Kəpəz” tərəfindən maraq olmuşdu. Danışıqlar aparıldı, amma yekunda tərəflər üçün tam uyğun şərtlər formalaşmadı. Futbolda bu cür hallar normaldır. Mən buna anlayışla yanaşıram və “Kəpəz” klubuna gələcəkdə uğurlar arzulayıram.
- Maraqlıdır, başqa ölkələrdən də təklifləriniz var idi?
- Bu məsələ ilə bağlı onu qeyd etməliyəm ki, mən müqavilə ilə “Varajdin” klubuna məxsusam. Ona görə də başqa ölkələrdən təkliflər barədə məlumatım olmayıb. Ümumiyyətlə, belə danışıqları aparmaq səlahiyyətim də yoxdur. Bu proseslər klub və menecerim arasında gedir. Mənim əsas diqqətim meydanda öz işimi görmək və hazır olmaqdır.
- Sizcə, niyə azərbaycanlı futbolçular Avropada uzun müddət qala bilmirlər?
- Ümumiyyətlə, Avropada, xüsusilə də rəqabətin çox yüksək olduğu liqalarda qalıcı olmaq çox çətindir. Bu, kənardan göründüyü qədər asan deyil. Orada təkcə futbol keyfiyyəti kifayət etmir. Güc, fiziki davamlılıq, səbr və yüksək səviyyədə peşəkarlıq çox vacibdir. Futbolçu hər gün öz üzərində işləməli, rəqabətə və təzyiqə hazır olmalıdır. Qeyd etməliyəm ki, Avropada qalmaq düşünüldüyü kimi asan deyil və bu yola tam hazır olmaq lazımdır.
- Gələcək hədəfiniz nədir?
- Hazırda bütün diqqətim “Zirə”dədir. Məqsədim komandaya maksimum fayda vermək, stabil oyun vaxtı qazanmaq və öz üzərimdə ciddi şəkildə işləməkdir. Bu mərhələ mənim üçün çox önəmlidir. Uzunmüddətli hədəfim isə daha güclü və hazırlıqlı şəkildə yenidən Avropaya qayıtmaqdır ( "Azərtac" ).

