“Neftçi”nin baş məşqçisini düşünməyə məcbur edən 11 NƏFƏR

11:55 Neftçi 242
“Neftçi”nin baş məşqçisini düşünməyə məcbur edən 11 NƏFƏR

“Neftçi”nin transfer çalışmaları ilə bağlı gələcəyi mövsümün yekunundakı nəticədən asılı olacaq.

“Ağ-qaralar” avrokuboklara vəsiqə əldə etməyi bacarsa, baş məşqçi Yuri Vernidub komandanın özəyinin qorunmasını istəyəcək. Hətta mümkün qədər güclənməsini də tələb edəcək.

Çünki qısa müddətdə ciddi dəyişikliyə əl atmaq beynəlxalq arenalarda fiasko ilə nəticələnə bilər.

Yox, bu dəfə də uğursuzluq yaşansa, o zaman heyətin yenilənməsinə ehtiyac yaranaq. “Neftçi”nin avrokuboklarda iştirak etməməsi vaxt baxımından ukraynalı çalışdırıcının işinə yarayacaq ki, təxminən 2 ay müddətində yeni kollektiv formalaşdırmaq mümkün görünür.

İyunda əksər futbolçuların klubla müqaviləsinin müddəti sona çatacaq. Məhz dediyimiz səbəbə görə hələ ki, heç biri ilə danışıqlara start verilməyib, anlaşmanın müddəti yenilənməyib.

Söhbət hansı futbolçulardan gedir?

Yerli futbolçulardan Emil Balayev, Elvin Camalov, Emin Mahmudov, Ağadadaş Salyanski və Murad Məmmədovun adı bu siyahıdadır.

Legionerlərdən isə Bassala Sambu, Vensan Abubakar, İfeanyi Metyu, Kristian Kostin, eləcə də ağ-qara formanı icarə əsasında əynində daşıyan Freddi Varqasla Luis Ortis də müqavilənin yenilənməsi barədə klub rəhbərliyindən xəbər gözləyənlərdir.

Murad Məmmədovun komandanı tərk edəcəyi dəqiqləşib.

Az şans qazanan Elvin Camalovla Ağadadaş Salyanski də çox güman “Neftçi”ni tərk edəcək.

9 il ərzindəki xidmətlərinə görə Emin Mahmudovla daha 1 illik anlaşmanın əldə olunması qaçılmaz deyil. Balayev isə yəqin ki, karyerasını burada bitirmək barədə düşünür.

O ki qaldı əcnəbilərə, Kostinlə Abubakarın artıq indidən yeni klub axtarışına çıxdıqlarını deyə bilərik. Ehtiyat oyunçular skamyasının bəzəyinə çevrilən Ortis yəqin ki, Paraqvaya qayıdacaq.

İşlər planlaşdırılan şəkildə davam etsə, Sambu, Metyu və Varqas növbəti mövsümdə Vernidubun sərəncamında olacaq.

Yeri gəlmişkən, cari mövsümün yekunundakı nəticənin necəliyindən asılı olmayaraq, Vernidubun “Neftçi”dəki fəaliyyətini davam etdirəcəyi böyük ölçüdə dəqiqləşib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti