"Neftçi" üçün dəyişən şərtlər - VİDEO

28 İyul 2021 17:00 Neftçi 739
"Neftçi" üçün dəyişən şərtlər - VİDEO

"Neftçi" Yunanıstan səfərinə gedərkən ümidlər çox bulanıq idi.

Əksəriyyətimizin içində böyükhesablı məğlubiyyət qorxusu vardı.

Bu da Samir Abasovun yetirmələrinin öncəki mərhələdə "Dinamo" Tbilisi komandasına qarşı bərbad oynamaları ilə əlaqədar idi.

Hər kəs razılaşar ki, həm Bakıda, həm də Tbilisidə gürcülər meydanda daha yaxşı görünən tərəf oldu. Sadəcə rəqib qapıçı başda olmaqla bir neçə futbolçunun texniki səhvləri "Neftçi"ni mərhələ adlayan tərəf etdi.

Bütün bunların fonunda "Olimpiakos" ilə oyunöncəsi yaşanan ümidsizlik normal idi. Amma yunanlarla ilk oyun bəzi həqiqətləri ortaya çıxardı. Ki, "Neftçi" ilk mərhələdə göründüyü qədər də zəif və aciz deyil.

Rəqibin ilk oyuna qeyri-ciddi yanaşması təmsilçimizin daha da ümidlənməsinə şərait yaratdı. Məhəmməd Kamaranın 43-cü dəqiqədə qırmızı vərəqə alması isə "Neftçi"nin növbəti mərhələ şanslarını belə bir xeyli artırmış oldu.

Hətta qələbə qazana bilərik düşüncəsinə düşənlər də az deyildi. Amma Mert Çelikin aldığı qırmızı vərəqə bütün ümidlərin üzərindən xətt çəkmiş oldu. Amma ilk oyun üçün ...

Bu gün 21:00 "Baksel Arena"da startı veriləcək cavab görüşündən öncə ümidlər ilk oyundakından daha pozitivdir.

İlk oyundakı ümidverici hesab, rəqibin qeyri-ciddi yanaşması və 9 əsas heyət üzvünün Bakıya gətirilməməsi bu gün son çempionumuz üçün böyük avantaj deməkdir.

Bu sadalanlarla bərabər "Forza "Neftçi"nin meydanda verəcəyi dəstəyi də unutmaq olmaz.

Göründüyü kimi ilk oyundan fərqli olaraq, cavab oyunundan öncə müsbət nəticə üçün səbəblər yetəri qədərdir. Belə şans hər dəfə ələ düşmür.

İndi isə "Neftçi"nin bu şanslardan istifadə etməsi lazımdır. Necə olacağını isə axşamkı 90, bəlkə də 120 dəqiqənin sonunda biləcəyik.

Üzümüzün güləcəyi ümidi ilə uğurlar "Neftçi"!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!