Mahmud Qurbanov "Azərbaycan" üçün yazdı

27 İyul 2021 15:00 Neftçi 1 139
Mahmud Qurbanov "Azərbaycan" üçün yazdı

«Neftçi-2»nin baş məşqçisi Mahmud Qurbanov «Azərbaycan» qəzetində xüsusi məqalə ilə çıxış edib.

Sportinfo.az xəbər verir ki, ötən mövsüm bakılı gəncləri I Divizionun çempionu edən «Pro» kateqoriyalı mütəxəssis burada Qarabağın işğaldan azad olunmuş ərazilərindən söz açıb.

O, ölkə Prezidenti və Ali Baş Komandan İlham Əliyevin bu tarixi uğurda böyük pay sahibi olduğunu vurğulayıb.

Bildirib ki, işğaldan azad edilmiş ərazilərimiz Azərbaycan idmanının da əsas inkişaf mərkəzlərindən olacaq.

Həmin məqaləni oxucularımızın diqqətinə çatdırırıq:

"İllərimi sərf etdiyim futbol həyatımda mühüm yer tutsa da, ölkəmizlə bağlı bütün prosesləri hər zaman diqqətlə izləyirəm. Bu fonda hər azərbaycanlı kimi indi məni yaxından maraqlandıran ən vacib hadisələrdən biri 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən sonra azad edilən ərazilərdə başlanan genişmiqyaslı abadlıq-quruculuq işləridir.

Bu abadlıq-quruculuq işləri azad olunmuş ərazilərə yeni nəfəs gətirəcək, Qarabağda və Şərqi Zəngəzurda yenidən həyat qaynayacaq. Digər sahələrlə yanaşı, bu yerlər Azərbaycan idmanının da əsas inkişaf məkanlarından birinə çevriləcək. Bütün bunların memarı isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Vətən müharibəsində Azərbaycan xalqı dünyaya öz gücünü nümayiş etdirdi, bütün cahana səs salan “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa edərək möhtəşəm qələbənin müəllifinə çevrildi, şanlı zəfər tarixi yazdı. Hər zaman Azərbaycanın qəsdinə duran erməni faşizminin qəddini əyən, onu sözün əsl mənasında darmadağın edən 44 günlük müharibə həm də zəfərə gedən yolda lider amilinin nə qədər vacib olduğunu bir daha təsdiqlədi. Hamılıqla qəbul edilən həqiqətdir ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərin memarı Prezident İlham Əliyevin liderlik xüsusiyyətləri, yenilməz sərkərdəlik qabiliyyətidir.

İndi işğaldan azad olunmuş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş abadlıq-quruculuq işləri gedir. Bu yerlərdə dövrümüzün ən qabaqcıl tələblərinə cavab verən, müasir texnologiyaların tətbiqi ilə yaradılan modern infrastruktur həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təminatında mühüm rol oynayacaq. Təsadüfi deyil ki, həyata keçirilən abadlıq-quruculuq işlərinin müəllifi olan dövlət başçısı tez-tez işğaldan azad olunan ərazilərə səfərlər edir, burada müxtəlif infrastruktur obyektlərinin təməlini qoyur, açılışlarına qatılır. Həmin obyektlər isə ən müxtəlif sahələri əhatə edir.

Bu yerlər üçün hazırlanan və artıq bəzilərinin, konkret halda Ağdamın baş planından bəlli olur ki, azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da əsas diqqət mərkəzindədir. Ümumiyyətlə, Azərbaycanda modern idman infrastrukturunun yaradılması istiqamətində çoxsaylı vacib layihələr həyata keçirilir, mühüm tədbirlər görülür. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən olan Azərbaycanda onlarca Olimpiya idman kompleksləri inşa edilib, digər idman obyektlərində əsaslı yenidənqurma işləri aparılıb. Bunun nəticəsidir ki, indi Azərbaycan çoxsaylı beynəlxalq yarışlarına evsahibliyi edir. Və heç şübhə yoxdur ki, tezliklə yeni Olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa ediləcəyi əsas məkanlardan biri də işğaldan azad edilən ərazilərimiz olacaq. Futboldan tutmuş güləşə, şahmatdan başlamış müxtəlif digər intellektual və komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növlərində Azərbaycanı layiqincə təmsil edəcək yeni idmançılar nəsli azad olunmuş ərazilərimizdə də yetişəcək.

Həmin ərazilərdə sürətlə inkişaf edəcək idman növləri sırasında futbol da sözsüz ki, mühüm yer tutacaq. Bu yerlərdə inşa olunacaq futbol infrastrukturu idmanın bu növünün tərəqqisində vacib rol oynayacaq. Ümumiyyətlə, regionlarda futbolun inkişaf etdirilməsi çox vacibdir. Şuşada, Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda, Ağdamda, eləcə də digər rayon və şəhərlərimizdə futbolun inkişafı istiqamətində görüləcək işlər bütün Azərbaycanda idmanın bu növünün peşəkar və həvəskar iştirakçılarının sayını daha da artıracaq. Əhalinin yaşayış yerlərində futbol infrastrukturunun yaradılması gənclərin, yeniyetmələrin fiziki-mənəvi inkişafına müsbət təsir göstərməklə yanaşı, futbolun təbliği baxımından da əhəmiyyəti olacaq. Qarabağda yeni doğulan uşaqlar futbol məktəblərində yetişməklə ölkəmizdə bu idman növünün inkişafına təkan verəcəklər. Çünki milli komandada oynaya biləcək səviyyədə futbolçuların yetişdirilməsi üçün uşaq futbolunun inkişafı olduqca vacibdir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda uşaq futbolunun inkişafı üçün zəruri maddi baza yaradılıb və bu sahənin inkişafı üçün bir sıra işlər görülüb. İndi azad edilmiş ərazilərdə də yaradılacaq belə bazalar Azərbaycanda yüksəksəviyyəli peşəkar futbolçuların yetişməsində müstəsna rol oynayacaq. Onların sayəsində “İmarət” və digər stadionlarımız yerli və beynəlxalq yarışları qəbul edəcək. Bir sözlə, Qarabağda başlanan yenidənqurma işlərindən idmanımız, o cümlədən futbolumuz yetərincə bəhrələnəcək.

Uzunmüddətli fəaliyyət planı ilə Azərbaycan futbolunun şöhrəti Qarabağdan dünyanın dörd bir yanına yayılacaq ki, bu da bizim idman ölkəsi kimi bütün dünyada nüfuzumuzu daha da yüksəldəcək. Bu isə Vətən müharibəsində qazanılan qələbənin, yazılan qəhrəmanlıq salnaməsinin yeni bir uğurlu davamı olacaq".

Yazı ilə bu link vasitəsilə tanış ola bilərsiz:

https://azerbaijan-news.az/posts/detail/isgaldan-azad-edilmis-erazilerimiz-azerbaycan-idmaninin-da-esas-inkisaf-merkezlerinden-olacaq-1627331628?fbclid=IwAR1Qs6Scru_H7Je0DSfETs8QU5V9adWukawxzMjxky2Wrv9tQj836dOnZVc#.YP95Tb_wTqs

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda