“Neftçi” uzun müddət çalışdı, bu hücumçunu Azərbaycana gətirə bilmədi

16:20 Neftçi 334
“Neftçi” uzun müddət çalışdı, bu hücumçunu  Azərbaycana gətirə bilmədi

İyunun sonunda Afimiko Pululunun “Yagelloniya” ilə müqavilə müddəti başa çatır.

Onun anlaşmanı yeniləməyəcəyi və başqa kluba keçəcəyi artıq bir neçə həftədir məlum idi. Bir neçə Polşa komandası futbolçu ilə yaxından maraqlanırdı.

Sportinfo.az “lodzkisport”a istinadla xəbər verir ki, hücumçunu heyətinə qatmaq uğrunda yarışda “Vidzev” qalib gəlib. Bu məlumatı “Weszło” portalı da təsdiqləyib.

​Çoxları Pululunun hələ bir il əvvəl “Yagelloniya”dan ayrılacağını gözləyirdi.

“Podlasye fəxri”nin Konfrans Liqasının 1/4 finalına yüksəldiyi və futbolçunun özünün bu turnirin bombardiri olduğu mövsümdən sonra onu transfer etmək istəyənlərin çox olacağı ehtimal edilirdi.

Lakin qaneedici təkliflərin olmaması səbəbindən hücumçu daha bir il Belostokda qaldı. Ötən mövsüm o, Ekstraklasada keçirdiyi 33 oyunda 15 qol vurmağı bacardı.

​Mayın ikinci yarısında “Yagelloniya” Pululunun başa çatan müqaviləni yeniləməyəcəyini rəsmən təsdiqlədi. Mediada onun keçə biləcəyi klubların adları bir-birinin ardınca qeyd olunurdu. Bu klublar arasında “Panatinaikos”, Kiyev “Dinamo”su və “Serkl Brügge”nin adı var idi.

​Polşada isə 27 yaşlı futbolçuya üç komanda maraq göstərirdi. Amma onların mübarizəsindən hər an bir neçə milyon avro xərcləməyə hazır olan Lodz klubu qalib çıxdı. Pululu tibbi müayinədən uğurla keçdikdən sonra rəsmən “Vidzev”in oyunçusu olacaq.

“Neftçi” də uzun müddət Pululunun transferi üçün çalışdı. Amma hücumçu Azərbaycana gəlməyi lazım bilmədi. O, daha güclü çempionatlara getmək üçün Polşaya tramplin gözü ilə baxır. Hətta bakılıların daha cəlbedici təklif də onun fikrini dəyişmədi.

Pululudan əlini üzən “Neftçi” başqa oyunçuların transferini həll etməyə köklənib. Təmsilçimiz hazırda 5 oyunçu ilə aktiv danışıqlar aparır və onlardan ikisi hücumçudur. Klub rəhbərliyi iyunun sonunadək onların bir neçəsi ilə danışıqları yekunlaşdırmaq istəyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti