"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Ukrayna mətbuatına danışıb.
Sportinfo.az xəbər verir ki, o, DÇ-2026 ilə bağlı gözləntilərini bölüşüb.
- Ötən dünya çempionatında yarımfinala qədər irəliləyən Mərakeş hər kəsi təəccübləndirmişdi. İndi favorit olmayanlar arasında bu cür performans sərgiləyəcək komanda görürsünüzmü?
- Danimarka yığması bu təsiri bağışlayır, eləcə də bu yaxınlarda bizə məğlub olan (0:2) Polşa seçməsi mərhələnin sonunda özünü pis göstərmədi. Lakin bu komandalar mundialda iştirak etməyəcəklər. Ümumilikdə Skandinaviya yığmaları, istər İsveç olsun, istərsə də Norveç həmişə çətin rəqib olublar. Onlar çox möhkəm və maraqlı komandalardır. Buna görə də, onların kifayət qədər yaxşı şansları var.
- Qrupdan çıxa bilməyəcək və ya erkən mərhələdə mübarizəni dayandıraraq ümidləri doğrultmayacaq yığmalarla bağlı hər hansı ehtimalınız varmı?
- Açığı, bunu demək çətindir və heç təxmin etmək də istəmirəm. Mənə elə gəlir ki, çempionata gələn hər bir komanda çox yaxşı hazırlaşacaq və ən yüksək yerlər uğrunda mübarizə aparacaq. Buna görə də kiminsə uğursuzluğa düçar olacağını proqnozlaşdırmaq asan deyil.
- Sizcə, turnirin ən yaxşı bombardiri kim ola bilər? Bu siyahıda gənclər, yoxsa təcrübəli oyunçular yer alacaq?
- Bu da asan sual deyil. Ola bilsin ki, Usman Dembele. Məncə, o, buna layiqdir. Şəxsən mənim bu futbolçudan çox xoşum gəlir. Maykl Olise də əsas namizədlərdən biridir. Lamine Yamala gəlincə, o da fərqlənə bilər. Çox maraqlı gənc oyunçudur. Bəli, son vaxtlar bəlkə də hər şey onun üçün ideal getmirdi, amma düşünürəm ki, bu, daha çox onun gəncliyi ilə bağlıdır. Üzərinə düşən bu cür böyük təzyiqlə bacarmaq inanılmaz dərəcədə çətindir. Buna baxmayaraq mənə elə gəlir ki, məhz dünya çempionatında o, toparlanıb ən yaxşılardan biri olduğunu sübut edə bilər.
- DÇ-2026 tarixi turnir olacaq: ilk dəfə 48 komanda iştirak edəcək və 100-dən çox oyun keçiriləcək. Sizcə, Kurasao və ya Kabo-Verde kimi komandaların iştirakı futbol üçün müsbət haldır, yoxsa bu artıq bir qədər şişirdilmiş formatdır?
- İdmanın populyarlaşdırılması baxımdan bu, tamamilə normal qərardır. Elə belə də olmalıdır. Özünüz də yaxşı başa düşürsünüz ki, belə turnirlərdə yalnız ulduzlardan ibarət komandalar oynaya bilməz. Futbol irəli getməli və inkişaf etməlidir. Biz də görürük ki, o, həqiqətən tərəqqi edir. Görək necə olacaq, bəlkə də bu yenilik hamının xoşuna gələcək. FİFA daim futbola daha çox diqqət cəlb etmək və onun dünyada bir nömrəli idman növü olaraq qalmasını təmin etmək üçün yollar axtarır.

