“Turan Tovuz”la bağlı son qərar verildi.
2019-cu ildə 7 futbolçusu danışılmış oyunlarda iştirak etdiyinə görə bölgə təmsilçisi Konfrans Liqasında iştirak edə bilməyəcək.
UEFA-nın iyunun 2-də çıxardığı sanksiyanı İdman Arbitraj Məhkəməsi ləğv etmədi. Daha doğrusu, edə bilmədi.
Belə olduğu halda “Turan Tovuz”un yerini “Neftçi”, “Neftçi”nin yerini isə “Zirə” tutacaq.
Hər nə qədər maraqlı görünsə də, tovuzluların başına gələn hadisə “Neftçi” azarkeşlərinin əhvalını korlayıb. Halbuki “ağ-qaralar”ın Konfrans Liqasında mübarizəyə 2-ci mərhələdən başlaması bakılı futbolsevərlərin ürəyincə olmalıdır.
Çox güman, burada “Neftçi”ylə “Zirə” arasında son bir neçə ildə baş qaldıran prinsipiallıq əsas rol oynayır. Başqa cür desək, qərblilərin yerinə Avropaya zirəlilərin getməsini qəbul edə bilmirlər.
Sosial şəbəkələrdəki paylaşımlarda “Neftçi” azarkeşlərinin yazdıqları şərhlərin bir neçəsini təqdim edirik:
“Bir “Neftçi” azarkeşi olaraq çox pis oldum. Haqqınız idi Avropada iştirak etmək”.
“Bir “Neftçi” azarkeşi olaraq “Zirə”nin rəqibinə azarkeşlik edəcəyəm”.
“Neftçi” azarkeşləri adaından çox pis olduq”.
“Zirə”dən başqa üç klubumuza uğurlar. “Neftçi” fan”.
“Neftçi” azarkeşlərinin adından “keçmiş iolsun” deyirik”.
“Turan Tovuz”un sanksiya ilə üzləşməsindən sonra “Neftçi” Konfrans Liqasında mübarizəyə 2-ci mərhələdən start verəcək. Oyunlar 23 və 30 iyul tarixlərində baş tutacaq.
1-ci mərhələdən başlayacaq “Zirə”nin matçları 9 və 16 iyul tarixlərində gerçəkləşəcək.
HƏBİB / SPORTİNFO.AZ

