“Neftçi” Rusiyada bu dəfə nə etdi? - FOTOREPORTAJ

09:50 Neftçi 128
“Neftçi” Rusiyada bu dəfə nə etdi? - FOTOREPORTAJ

Rusiyanın Ulyanovsk şəhərində keçirilən “Simbirsk Kuboku” beynəlxalq uşaq futbol turniri başa çatıb.

Turnirdə “Neftçi” Futbol Akademiyasının 2016-cı il təvəllüdlü futbolçulardan ibarət U-10 komandası da iştirak edib.

Qrup mərhələsində “Neftçi”nin gənc futbolçuları çox çətin qrupa düşmüşdülər. Komandanın rəqibləri arasında MDB və Avropanın ən güclü futbol akademiyalarından biri hesab olunan “Krasnodar”, həmçinin “Dinamo” Novqorod və “Dinamo” Barnaul komandaları yer almışdı.

Yüksək rəqabətə baxmayaraq, “Neftçi” Akademiyasının komandası qrupda ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb.

Pley-off mərhələsində uğurlu çıxışını davam etdirən Bakı təmsilçisi yarımfinala qədər irəliləyib. Yarımfinalda komanda “Dinamo” Moskva ilə qarşılaşıb və mübarizəni bu mərhələdə dayandırıb. Üçüncü yer uğrunda görüşdə isə “Neftçi” “Dinamo” Dağıstan komandasına məğlub olub.

Buna baxmayaraq, əldə olunan nəticə “Neftçi” Akademiyası üçün xüsusi əhəmiyyət daşıyır. Çünki akademiya komandalarının bu turnirdə artıq səkkizinci iştirakı olmasına baxmayaraq, ilk dəfə məhz bu dəfə “Neftçi” komandası turnirin ən güclü dörd komandası sırasına düşməyi bacarıb.

Komandaya Azərbaycanın perspektivli gənc məşqçilərindən biri olan Tural Lətifov rəhbərlik edib. Onun əsas ixtisaslaşdığı sahə fiziki hazırlıq və performans inkişafı olsa da, komandanın meydanda göstərdiyi oyun keyfiyyəti, təşkilatlanma səviyyəsi və taktiki intizam xüsusi diqqət çəkib.

Tural Lətifovun daha əvvəl Azərbaycan I Liqasında “Difai” klubunda çalışması, həmçinin “Neftçi”nin U-17 komandasında köməkçi məşqçi kimi qazandığı təcrübə bu turnirdə komandanın oyun modelinə və nəticəsinə müsbət təsir göstərib.

“Neftçi”nin U-10 komandası turnir ərzində həm oyun baxımından, həm də intizam, təşkilatçılıq və komanda ruhu baxımından müsbət rəylər alıb. Rusiyalı mütəxəssislər və turnir iştirakçıları tərəfindən komandanın meydandakı davranışı, mübarizliyi və oyun intizamı yüksək qiymətləndirilib.

Xüsusilə “Dinamo” Moskva Akademiyasının direktoru Aleksandr Kuznetsovun “Neftçi” komandası haqqında müsbət fikirləri diqqət çəkib.

Atası vaxtilə “Neftçi” Bakı klubunda çıxış etmiş, özü də Bakı əsilli olan Kuznetsov “Neftçi”nin 2016-cı il təvəllüdlü futbolçularından ibarət komandasının oyununu yüksək qiymətləndirib. O, komandanın meydandakı təşkilatlanmasını, intizamını və futbolçuların potensialını xüsusi vurğulayıb.

Kuznetsov həmçinin “Neftçi”nin qapıçısı Fateh Camalov turnirdə nümayiş etdirdiyi oyunu ayrıca qeyd edib. Onun sözlərinə görə, Fateh Camalov çox yaxşı performans göstərib və komandasına mühüm anlarda ciddi dəstək olub.

Bundan əlavə, “Dinamo” Moskva Akademiyasının direktoru “Neftçi” Akademiyasının bir neçə futbolçusunu da fərqləndirərək, onların gələcəkdə yaxşı futbolçu olmaq potensialına sahib olduqlarını bildirib.

Komandanın futbolçusu Raul Rəşidov isə turnirdə xüsusi fərqlənən oyunçulardan biri olub. O, “Qələbə əzmi” mükafatına layiq görülüb və turnirin diqqət çəkən simalarından biri kimi yadda qalıb.

Ümumilikdə, “Neftçi” Akademiyasının U-10 komandasının “Simbirsk Kuboku”ndakı çıxışı həm nəticə, həm də oyun keyfiyyəti baxımından uğurlu hesab oluna bilər. Bu nəticə Azərbaycan uşaq futbolu və “Neftçi” Akademiyası üçün müsbət siqnal kimi dəyərləndirilməlidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!