Gərgin mövsüm keçirərək Konfrans Liqasına vəsiqəni sona 2 tur qalmış bayram edən “Neftçi”nin futbolçuları üçün istirahət göydəndüşmə olub.
Qarşıda onları daha ağır və məsuliyyətli “futbol ili”nin gözlədiyini bilən oyunçular dincəlmək fürsətindən maksimum yararlanmağa çalışır.
Bu mənada yerli futbolçuların fəalllığını qeyd edə bilərik.
İstirahət həvəskarı olanların siyahısında Murad Xaçayev dayanır.
Murad mövsümü başa çatandan bu yana vaxtını demək olar Avropa gəzintisinə sərf edib. İspaniyaya yola düşən mərkəz müdafiəçisi ardınca İtaliyaya qayıdıb.
Millinin sıralarında olan Emin Mahmudovla Elvin Bədəlov istirahətə buraxılan kimi Avropanın turistik ölkələrindən olan İtaliyanın yolunu tutub.
Mahmudov bir müddət İsveçrədən gəzəndən sonra övladları ilə birgə İtaliyaya üz tutub.
Maraq üçün bildirək ki, “Neftçi” yay toplanışına iyunun 14-də Bakıda start verməliydi.
“Turan Tovuz”un sanksiya ilə üzləşməsi klubda durğunluq yaradıb. Çünki “ağ-qaralar”ın Konfrans Liqasında 1-ci, yoxsa 2-ci mərhələdən start verəcəyi dəqiqləşməyib.
HƏBİB / SPORTİNFO.AZ

