Ağadadaş Salyanski Yuri Vernidubun növbəti mövsümlə bağlı planlarına daxil deyil.
Bu barədə «Neftçi»dən saytımıza bildirilib.
Redaksiyamıza verilən məlumata görə, baş məşqçi adıçəkilən hücumçudan əlini üzüb. Ukraynalı mütəxəssis klubun öz yetirməsi olan forvardla bağlı funksionerlərlə danışıb.
Təcrübəli sükançı bildirib ki, 22 yaşlı ön xətt oyunçusu ötən 6 ayda onun ümidlərini doğrultmayıb, bu üzdən icarəyə verilməsi daha düzgün olar.
Vernidub Salyanskiyə komanda tapılmasına köməklik göstərmələrini idarəçilərdən xahiş edib.
Ötən ilin dekabrından burada işləyən məşqçi deyib ki, Ağadadaş başqa yerə getmək istəməsə, demək olar çox az şans qazanacaq.
Vernidub qeyd edib ki, o, hazırkı dönəmdə oyun praktikası toplamağı fikirləşməlidir, maaş dərdi çəkməməlidir.
Bu yay Konfrans Liqasında mübarizə aparacaq «ağ-qaralar» artıq 3 nəfərlə vidalaşıb.
Nigeriyalı hücumçu Vensan Abubakar, monteneqrolu yarımmüdafiəçi Ervin Kuç və rumıniyalı müdafiəçi Kristian Kostinlə müqavilə uzadılmayıb.
SPORTİNFO.AZ

