Yuri Vernidub Ağadadaş Salyanskinin xidmətindən imtina edib.
Hər zaman yerli futbolçuların yanında olmuşam.
Onlara dəstək verilməsinin, şans tanınmasının vacibliyini vurğulamışam.
Lazım qədər dəstək görmədiklərini də dilə gətirmişəm.
Amma bu dəfə gənc hücumçunu qınamasam olmaz.
Ağadadaşın inkişafı üçün onu tənqid etmək məcburiyyətindəyəm...
Bax, sənə lazımdır ukraynalı mütəxəssis adını çəkib "mənə lazım deyilsən" desin?
Ötən yay "Şamaxı" israrla səni istəyirdi, amma "yox" dedin.
"Neftçi"nin adına yarınmağı seçdin.
Bu da nəticəsi...
Yetirməsi olduğun klub illərdi sərasər sənə şans verir.
Bəzən az, bəzən çox.
Amma ümumilikdə bir gəncin özünü göstərməsinə yetəcək qədər zamanın oldu.
Təəssüf ki, haqqında yaxşı mənada dolaşan əfsanələri həqiqətə çevirə bilmədin.
Ümidləri puç etdin.
Amma dünyanın sonu deyil.
Son onda olar ki, sən "Neftçi" adının kölgəsində yatıb qalasan.
Ehtiyat oyunçular skamiyasında olmaqdan yorulmayasan.
Əsl oynamalı, inkişaf etməli illərini əvəzedici oyunçu kimi keçirəsən.
Bəli, "Neftçi" kimi klubda olmaq, formasını geyinib, əsas heyət üzvünə çevrilmək hər bir gəncin xəyaldır.
Bu istəyinə, iradənə əhsən düşür.
Ancaq fak budur ki, ilk cəhdin daşa dəydi.
Heç cür alındıra bilmədin.
Klub qəhəddir?
Get ortabab bir kluba...
Get autsayderlərdən birinə...
Özünü inkişaf etdir, böyü və yenidən qayıt sevimli klubuna.
Məsələn, Rüfət Abbasov kimi.
Qarşında həmyaşıdın kimi gözəl nümünə var.
Bax, dərs çıxar.
Ötən yay səhv seçim etdin.
Nə qədər gec deyil, bu dəfə doğru seçim et.
Bəlkə yerində saymaqdan qurtulasan.
XANOĞLAN / SPORTİNFO.AZ

