"Neftçi"ni görüb, əl-ayaqları əsir, Abbasov nə etsin?

17 May 2021 09:40 Neftçi 2 034
"Neftçi"ni görüb, əl-ayaqları əsir, Abbasov nə etsin?

Turun mərkəzi görüşü «gənclik şəhəri»ndə baş tutdu.

Bu matç çempionluğun taleyini həll edə bilərdi. "

Sumqayıt"ın "Neftçi" üzərində qələbəsi sonuncu turu mənasız edəcək, eynilə, özünü bürüncə daha da yaxınlaşdıracaqdı. Qələbə dalınca gələn bakılıılar ən azı məğlub olmamalıydı.

"Neftçi" matça Hondasız və nominal hücumçusuz çıxdı. Dəymədüşər Monroz start heyətinə salınmışdı. «Ağ-qaralar» ilk dəqiqələrdən oyuna nəzarəti ələ almaqda çətinlik çəkirdi.

Ərazi üstünlüyünü "Sumqayıt" özü rəqibinə vermişdi. Ayxan Abbasovun taktiki planı əsasən əks-hücumlar üzərində qurulmuşdu.

Top "Neftçi"nin nəzarətinə keçərkən, qabaqda pressinq etmir, dərhal 2-3 eşalon müdafiə xətti qurub, zonaları bağlayırdı. İlk yarıda qonaqların astagəl mövqe hücumları rəqibin arxa xəttinin işini asanlaşdırırdı.

"Neftçi" pressinqdə daha üstün görünürdü. Sumqayıtlılar belədə meydanın onlara aid hissəsindən paslaşaraq çıxmaqda çətinlik çəkirdi. Mərkəzə kimi çıxıb, "Sumqayıt"ı öz meydanında sıxışdırırdılar.

Bu dəqiqələrdə "Sumqayıt"ın yeganə düşünən ürəyi Rəhim Sadıqov idi. Top ona düşdükdə, fərdi oyunuyla önə çıxır, komandanı arxasınca aparırdı.

Murad Xaçayev və qismən də Mehdi Şərifi Rəhimin səviyyəsinə uyğun gəlirdi. Referi Rauf Cabbarov da komandaların əsəbləri ilə oynayırdı.

Ciddi bir kobudluq olmadan Samir Abasovun gözü qarşısında Monroz və Buqrin «sarı»ya «otuzduruldusa», Rəhim Sadıqova, Murad Xaçayevə qarşı aşkar kobudluqların qeydə alınmaması Ayxan Abbasovu özündən çıxarırdı.

Birinci hissədə "Neftçi" künc zərbələrinin qazanılması ilə öyünə bilərdisə, "Sumqayıt" sürətli hücumların təşkilini aktivinə yazmağa yaxın oldu.

Cəmi iki qol imkanı yarandı. Mehdi Şırifinin "qayçı" zərbəsi qapıya düşsəydi, Aqil Məmmədovun komandasını xilas edə biləcəyinə şansı yox idi.

Sabir Buqrinin mərkəzdən bir toxunuşla qapıçı ilə üzbəüz qoyduğu Stiven Monrozun da qapını sərrarst nişan almağa, Kamran Quliyevin gözündən uzaq, "oçki"si çatmadı.

Beləcə, komandalar fasiləyə bərabərliklə getməyə hazırlaşırdılar, əgər "Sumqayıt"ın sağ cinahında düşüncəsiz futbolçuları olmasaydı. Bir-biriləri ilə rahat paslaşıb, ilk yarının son saniyələrində topu uzun ötürməylə önə vurmaq əvəzinə, "Neftçi"nin pressinqindən əl-ayaqları əsdi.

Xəyal və Cabirin taktiki savadsızlığı azmış kimi, topu dayaq bölgəsinə Vurğun Hüseynova "soxma"ları, təcrübəli müdafiəçinin də məcburiyyətdən rəqibə qarşı kobudluğu...

Sarı kartı Vurğuna hakim göstərmədi, ağılsız komanda yoldaşları verdirdi. Futbolçular tərəfindən belə düşüncəsiz gedişləri görəndə, adamın məşqçilərə yazığı gəlir.

Yersiz hərəkətlər "Sumqayıt"ın başını qarışdırdı, müdafiədə bir anlıq nizam itdi və cərimə zərbəsindən ötürülən topu boş saxlanılan Vojislav Stankoviç qapıya yönəltdi.

«Duran toplarda serb müdafiəçini kim saxlamalıydı» sualının ən yaxşı cavabını isə baş məşqçi hamıdan yaxşı bilir. Yenə Vurğunun səhvi «göz oxşadı».

Qol paltardəyişmə otağında "Neftçi"ni özünə gətirdi, "Sumqayıt"ı sındırdı.

Fasilədən sonrakı dəqiqələr də bunu göstərirdi. Həvəslənən "Neftçi" sürəti artırıb, ikinci qolu vurmağa çalışırdı. Buqrinin ötürməsi ilə Namiq əla imkan qazandı, Mehdi Cənnətov komandasını xilas etdi.

Hiss olunurdu ki, "Sumqayıt" qapısında gördüyü yersiz qolun şokundan ayılmayıb. Yalnız 60-cı dəqiqədən sonra özlərinə gəlməyə başladılar.

"Sumqayıt"ın itirəcək bir şeyi qalmamışdı. Ayxan Abbasov risk etdi, müdafiəçini oyundan alıb, Elvin Məmmədovla dəyişdi, tədricən təzyiqi artırdılar. Bəla onda idi ki, cinahlar aktiv deyildi.

Təsəvvür edin, mərkəzdən Rəhim Sadıqov topla sürət yığır, sağa-sola baxıb vingerləri axtarır, onlar da mövqe itirələndən, iş-işdən keçəndən sonra gəlir.

Topla hərəkət edən Rəhim topsuz komanda yoldaşlarından daha sürətli görünürdü. Ayxan Abbasovun halına acımayasan, neyləyəsən?

Samir Abasov da sanki məğlub olurmuş kimi davrandı, Mirabdullayla Ahmedovu meydana buraxdı. Bu addım Ayxan Abbasov üçün əlavə şans idi.

Amma Rəhim Sadıqovun, Vüqar Mustafayevin, Murad Xaçayevin sayəsində "Neftçi" kimi komandanı büdrətmək çətin məsələdir. Hücum potensialında komanda yoldaşları onlardan geri qalırdı.

Sonda da Kane, Stankoviç yerə sərilib, vaxtı uzatmaqla, Saşa Stamenkoviçlə Samir Abasova «salam» göndərdilər.

Oyundan sonra Ayxan Abbasov həmkarının "Sabah"la oyundakı kimi mətbuat konfransında coşmadı. Elə yaxşı ki, coşmadı, xal itirməyi, uduzmağı da bacarmaq lazımdır.

Futbol ədaləti bir oyunda "Sumqayıt"ın bütün medalların müqəddaratını həll etməsinə imkan vermədi. Çempionluğun, medalların taleyi son tura qaldı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti