“Sabah”ı nə yıxdı?

2 Noyabr 23:00 Sabah 159
“Sabah”ı nə yıxdı?

“Sabah” 9-cu turda mövsümdə ilk məğlubiyyətini aldı.

Əslində, “bayquşlar”ın Tovuz səfərində xal itirəcəyi gözlənilirdi. Hadisələrin gedişatı da buna doğru gedirdi və sonda gözlənilən baş verdi.

Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Valdas Dambrauskas məğlubiyyətin məsuliyyətini bütövlükdə öz üzərinə götürərək taktiki səhvlərə yol verdiyini etiraf etdi.

Litvalı çalışdırıcının futbolçularını qorumaq, həm də “Vikinq”lə oyun ərəfəsində Tovuzdakı uğursuzluğu mümkün qədər tez unutdurmaq istəyi anlaşılandır.

Lakin meydanda görünən mənzərə yenilginin əsl səbəblərini görməyə imkan verirdi.

“Sabah” bu qarşılaşmaya psixoloji baxımdan tam hazır deyildi. Oyunun gedişində açıq-aşkar hiss olunurdu ki, futbolçuların fikirləri meydanda deyil. Sanki özləri Tovuzda, düşüncələri isə Norveçdə, qarşıdakı avrokubok matçında idi.

Digər tərəfdən, “Turan Tovuz”un son oyunlardakı uğursuz nəticələri də qonaqlarda sanki müəyyən arxayınlıq yaratmışdı.

Tovuzlular son iki görüşdə “İmişli”yə məğlub olmuş, azlıqda qalan “Neftçi” ilə isə heç-heçə etmişdi. Komandalar arasındakı şəxsi qarşılaşmalarda üstünlüyün “Sabah”ın tərəfində olması da qonaqların rahatlıq dozasını artırmışdı.

Fərdi səhvlər də diqqətdən yayınmadı. “Sabah”ın hücumları zamanı Timoteuş Puxaç, Stiv Solvet, Rəhman Daşdəmirov kimi təcrübəli futbolçuların yol verdiyi yanlışlıqlar meydan sahiblərinə təhlükəli hücumlar qurmaq üçün imkanlar yaradırdı.Səhvlərin sıralanmasında yorğunluğun və ardıcıl ağır oyunların xüsusi rolu olması sirr deyil.

Məğlubiyyətin əsas səbəblərindən biri də heyət seçimi idi. Dambrauskas start heyətində Eyden Makkarti, Umarali Raxmonaliyev, Coy-Lens Mikels və Velko Simiç kimi aparıcı futbolçulara şans verməmişdi. Baş məşqçi şübhəsiz ki, “Vikinq”lə matçı düşünərək bu addımı atmışdı.

Düzdür, Eyden, Umarali və Coy-Lens ikinci hissədə meydana daxil oldular. Həmin vaxt iş işdən keçmişdi, qərblilər qonaqları iki dəfə meydanın mərkəzinə dəvət etməyə imkan tapmışdı.

Odur ki, Tovuzdakı məğlubiyyətdə bir neçə amil xüsusi rol oynadı. Komandanın oyuna tam köklənə bilməməsi, futbolçuların yorğunluqdan doğan fərdi səhvləri və heyətdəki rotasiyalar.

Dambrauskasın böyüklük göstərib bütün məsuliyyəti üzərinə götürməsi isə həm futbolçularını təzyiqdən qorumaq, həm də komandanın diqqətini qarşıdakı vacib sınağa yönəltmək cəhdi kimi qiymətləndirilə bilər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!