Son çempion “Sabah” Tovuzda büdrədi. Bu, paytaxt təmsilçisinin cari mövsümdə ilk məğlubiyyətidir. Arxada qalan səkkiz oyunda cəmi bir qol buraxan “Sabah” “Turan Tovuz”la qarşılaşmada qapısında üç qol gördü.
Valdas Dambrauskas Velko Simiç və Umarali Raxmonaliyev istisna olmaqla, demək olar ki, əsas heyətin bütün üzvlərini meydana buraxmışdı.
Təbii ki, litvalı mütəxəssis çətin Tovuz səfərində məğlub olmaq istəmirdi. Amma alışmadığımız “Sabah”ı gördük. Bunu etiraf etməliyik. Futbol baxımından da komanda özünə heç bənzəmədi.
Çempionlar Liqası öz sərt üzünü artıq Tovuzda göstərdi. Puxaç, Zedadka kimi futbolçular özlərinə bənzəmədilər. Buraxılan hər üç qol barəsində ağız dolusu danışdığımız Puxaçın cinahından gəldi. Düzdür, Zedadka ilə müqayisədə polşalı müdafiəçi ən azı hücum fazasında bir qədər fəal görünürdü. İlk yarıda da yaxşı zərbəsi oldu.
Amma ümumilikdə “Sabah”ın zəif oyun keçirdiyini deməliyik.
Oyundan sonra Valdas Dambrauskas da açıq etiraf etdi ki, “Turan Tovuz” qələbəyə layiq idi. Rəqib haqq etdiyi üç xalı qazandı. Baş məşqçi əlavə etdi ki, məsuliyyət onun üzərindədir və müəyyən səhvlərə yol verib. Təbii ki, bu səhvlərin nədən ibarət olduğunu Dambrauskas özü daha yaxşı bilir.
Amma mütləq qeyd etməliyik ki, noyabrın 4-də Norveçdə “Vikinq”lə vacib oyuna çıxacaq “Sabah” səfər öncəsi planlarına daxil olmayan güc itkisi ilə üzləşdi. İkinci hissədə Dambrauskas məcburiyyətdən Mikelsi də döyüşə atdı. Təbii ki, mütəxəssis ağır səfər qarşılaşması öncəsi futbolçularının gücünü qorumaq istəyərdi. Amma oyunun gedişi və nəticə onu bütün planlarını dəyişməyə vadar etdi.
Düzdür, Dambrauskas məsuliyyəti üzərinə götürdü. Lakin “Sabah”ın məğlubiyyətində “Turan Tovuz”un parlaq oyunu da mühüm rol oynadı. Tovuzda azarkeşlərin görmək istədiyi "Turan" məhz budur. Futbol ictimaiyyətinin arzuladığı "Turan" budur.
Mən dəfələrlə demişəm ki, “Turan Tovuz”un hazırkı futbolçu keyfiyyəti daha yaxşı, daha baxımlı və hücumameyilli futbol oynamağa imkan verir. Bu gün bir daha gördük ki, həmin potensial komandada var. Sadəcə, Qurban Berdiyevin buna “OK” deməsi lazımdır. Belə nümunələr az deyil. Həm ötən mövsüm, həm də cari çempionatda Berdiyev istəyəndə “Turan Tovuz”a daha baxımlı futbol oynatmağı bacarır.
Bu gün komandanın bir neçə real qol imkanı da oldu. Futbolçular həmin epizodları dəyərləndirə bilsəydilər, hesab daha böyük ola bilərdi.
Düzdür, “Sabah” ikinci hissədə əvəzetmələrdən sonra oyunda müəyyən dönüş yarada bildi və hesabı 3:2-yə çatdırdı. Amma burada zədələnən tovuzlu müdafiəçilərinin də rolu oldu. Bundan sonra “Turan Tovuz”dan alışdığımız möhkəm müdafiəni görmədik. Bəlkə də komanda 3:0-dan sonra fiziki baxımdan yorulmuşdu. Bəlkə də hesabdakı üstünlük arxayınlıq yaratmışdı. Hər halda, komanda bir qədər boşaldı və bu da son dəqiqələrin gərgin keçməsinə səbəb oldu.
Kurban Berdiyevi tənqid edirik, amma onun bir neçə müsbət cəhətini də mütləq qeyd etməliyəm. Yerli publika zaman-zaman mütəxəssisi istefaya çağırıb, futbol ictimaiyyətində ünvanına kifayət qədər tənqidlər səsləndirilib. Buna baxmayaraq, Berdiyev soyuqqanlılığını qoruyur.
Komanda uğursuz nəticələrdən sonra, çətin “Neftçi” səfərində də xal itirmədi. Bu gün isə “Sabah” üzərində möhtəşəm qələbə qazandı və yenidən çempionluq mübarizəsinə qoşuldu.
Ötən mövsüm də görmüşdük ki, çətin dönəmlərdə Kurban Berdiyev komandanı geri qaytara bilir. Öz duruşunu qoruyur. Bu gün də bunun şahidi olduq.
Ən əsası, bu qədər tənqidə baxmayaraq, yerli mətbuat inciməsin, bir çox hallarda məşqçilər ilk qələbədən, ilk uğurdan sonra mətbuat konfransında jurnalistlərə atmacalar ünvanlamağa başlayırlar. Kurban Berdiyev də belə parlaq qələbədən sonra çox söz deyə bilərdi. Amma sakitcə başını aşağı saldı, oyunu şərh etdi, ənənəvi təmkinini qorudu və yoluna davam etdi. Düşünürəm ki, onun bu davranışı təqdirəlayiqdir.
Azarkeşlərlə bağlı isə açığı, gözlədiyim mənzərəni görmədim. Tovuzlular komandanın oyununa laqeyd yanaşdılar. Tribunada çoxlu boş yerlər var idi. Düzdür, protokolda 4 min azarkeş qeydə alınıb. Amma ekran qarşısında gördüyümüz mənzərə bu rəqəmin reallığı əks etdirdiyinə şübhə yaradır. Hətta həqiqətən 4 min tamaşaçı olsa belə, bu, azdır.
Çünki “Turan Tovuz” üçün son dərəcə əhəmiyyətli oyun idi. Rəqib son çempion, hazırda Çempionlar Liqasında mübarizə aparan komanda idi. Belə qarşılaşmada Tovuz azarkeşləri tribunaları doldurmalı, komandalarına dəstək verməli idilər. Təəssüf ki, bu mənzərəni onlara yaraşdırmadım. Əminəm ki, oyuna gəlməyənlər belə bir qarşılaşmanı qaçırdıqları üçün sonradan peşman oldular.
Oyunun ən yaxşı futbolçusuna gəlincə, mənim üçün bu, birmənalı şəkildə İbrahim Vadji idi. Düzdür, “Turan Tovuz”un ən zəif bəndi Yankoviç oldu. Bunu da mütləq qeyd etməliyəm. Amma ümumilikdə qarşılaşmanın ən yaxşısı İbrahim Vadji idi.
O, “Sabah”ın müdafiə xəttinə əməlli-başlı başağrısı oldu. Valdas Dambrauskas məcbur qalıb fasilədə Makkartini meydana buraxdı. Son dönəmdə Makkarti davamlı oynayırdı və müəyyən fiziki problemləri də ola bilərdi. Çətin Norveç səfəri öncəsi baş məşqçi, təbii ki, ona istirahət verməyə çalışırdı. Amma İbrahim Vadji Dambrauskası fasilədə bu dəyişikliyi etməyə məcbur etdi.
Makkarti də bir sıra ikili mübarizələrdə Vadjinin qarşısını ustalıqla ala bildi. Düzdür, uduzduğu epizodlar da oldu, amma əksər hallarda qalib gəlməyi bacarırdı.
İbrahim Vadji pressinqi, sürəti, keçidləri, reydləri və birəbir mübarizələrdə rəqiblərini aldatması ilə seçildi. Möhtəşəm oyun keçirdi. Sanki “Qarabağ”dakı günlərini xatırlatdı.
Amma hücumçu üçün ən vacib məqam qol vurmaqdır. İbrahim Vadji hələ də bu problemi həll edə bilmir. Əgər bunu da bacarsa və faydalı iş əmsalını artıra bilsə, düşünürəm ki, bu mövsüm “Turan Tovuz”a çox böyük fayda verəcək.
XANOĞLAN/ SPORTİNFO.AZ
