"Qarabağ"ın iki futbolçusu böyük miqdarda cərimələnib.
Mateus Silva və Marko Yankoviç Qurban Qurbanovun qəzəbinə tuş gəlib.
Bilindiyi kimi, Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Qəbələ" - "Qarabağ" qarşılaşmasının (0:0) gedişində qonaqların iki oyunçusu arasında mübahisə yaşanıb.
Silva və Yankoviç söz davasına çıxıb. Komanda yoldaşları onları güclə sakitləşdirib. Qurban Qurbanov isə fasilədə hər iki əcnəbini əvəzləyib.
“Qarabağ”ın baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında futbolçuların cəzalandırılacağını vurğulayıb:
"Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük.
Onlar komanda yoldaşı və dostdurlar. Həmişə bir yerdədirlər, bir-birlərinə müsbət münasibət bəsləyirlər. Hadisəni tam araşdırmamışam.
Ola bilər ki, oyunda onları əsəbiləşdirən hansısa məqam olub. Bunu hələ bilmirik.
Amma yüz faiz cəzalandırılacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir".
O, sözünü tutub. Qurbanov Qəbələ səfərinin nəticəsinə və orada yaşanan hadisəyə həsr olunan iclasda sərt üzünü göstərib.
Hər iki legioneri möhkəm danlayıb, analoji hal təkrarlanacağı təqdirdə, transferə çıxarılacaqlarını bildirib.
Azərbaycanın ən yaxşı çalışdırıcısı xatırladıb ki, onun üçün əsas nizam-intizamdır və kodeksə əməl etməyənləri heç vaxt bağışlamayacaq.
Cəzaya gəlincə, mübahisənin iştirakçıları onun oktyabr ayının maaşında hiss edəcək. 20 min dollar! Bəli, bu, kifayət qədər ciddi rəqəmdir.
SPORTİNFO.AZ
