“Sabah”ın əsas hücum silahlarından olan Velko Simiç son vaxtlar susqunluğu ilə diqqət çəkir.
Cari mövsümə yaxşı başlayan serbiyalı yarımmüdafiəçi Çempionlar Liqasının təsnifat mərhələsində meydana çıxdığı 8 oyunda 6 qol vuraraq komandasının ən məhsuldar futbolçusuna çevrilmişdi.
Lakin son matçlarda nə qol vurur, nə də məhsuldar ötürmə ilə yadda qalır. Faktlara nəzər salsaq, Simiç avrokuboklarda sonuncu dəfə “Hapoel Beer-Şeva” ilə səfər qarşılaşmasında fərqlənib.
Ondan sonrakı dörd matçda – “Hapoel Beer-Şeva”, “Slaviya Praqa”, “Borussiya Dortmund”la Bakıdakı görüşlərdə, eləcə də “Mançester Yunayted”lə “Old Trafford”dakı oyunda və məhsuldar ötürmə ilə yadda qalmayıb.
Çempionatdakı vəziyyəti də ürəkaçan deyil. O, Premyer Liqada meydana çıxdığı son üç – “İmişli”, “Neftçi” və “Qarabağ”la oyunlarda nə qol vurub, nə də fərqlənən komanda yoldaşlarına məhsuldar ötürmə verib.
Simiçin son matçlardakı bu susqunluğu istər-istəməz suallar yaradır. Bəs serbiyalı futbolçunun səssizliyinin arxasında nə dayanır?
Hər hansı problem var, yoxsa bu, sadəcə, müvəqqəti enişdir? Olmaya rəqib futbolçular onu dayandırmağın yolunu tapıb?
Maraq doğuran məqamla bağlı sualı elə serbiyalı yarımmüdafiəçinin özünə ünvanladıq.
Velko Simiç Sportinfo.az-a açıqlamasında təmkinli cavabı ilə diqqət çəkdi:
“Burada hansısa problemdən söhbət gedə bilməz. Hər şey qaydasındadır, özümü gümrah hiss edirəm.
Ola bilər ki, qol vurmuram, məhsuldar ötürmə vermirəm. Ancaq önəmli olan göstərdiyim performans və komandanın oyununa verdiyim töhfədir. Düşünürəm ki, bunların öhdəsindən gəlirəm.
Futbolda hər oyunda qol vurmaq kimi bir tələb yoxdur. Əsas odur ki, komandamın yanındayam, sağlamam və əlimdən gələnin ən yaxşısını edirəm”.
HƏBİB
