«İmişli» rəhbərliyi yeni baş məşqçi axtarışını dayandırıb.
Ervins Perkonsa bu vəzifədə işini davam etdirmək tapşırılıb.
Ona verilən möhlət qış fasiləsinədək uzadılıb.
Dekabrın üçüncü yarısında isə bu məsələyə birdəfəlik nöqtə qoyulacaq. Çox böyük ehtimalla, latviyalı mütəxəssis 2027-ci ilə də burada başlayacaq.
Baltikalı bu ilin iyulundan ölkəmizdə fəaliyyət göstərir. Fərid Namazovun köməkçisi kimi əl-qolunu çırmalayan Perkons onun istefaya getməsindən sonra sükan arxasına əyləşib.
Üç həftədir komandanı idarə edən məşqçi ardıcıl 3 qələbə qazanıb.
Aranlılar Premyer Liqada «Turan Tovuz»a 1:0, «Şamaxı»ya 2:1 hesabıyla qalib gəlib. Toplanan 6 xal sayəsində turnir cədvəlində 8-ci pilləyə yüksəliblər. İndi onların aktivində 10 xal var.
Ölkə kubokunda isə üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıblar. Bu nəticəni əldə etmək yolunda «Qaradağ Lökbatan»ı 4:1-də yollarının üzərindən uzaqlaşdırıblar.
Bir sözlə, Perkons 3 oyunluq şansı əla qiymətləndirib. Bu isə onun ilk təcrübəsi deyil. Azərbaycana gələnədək ölkəsində baş məşqçi kimi özünü sınayıb.
UEFA «Pro» lisenziyasına malik olan 35 yaşlı mütəxəssis daha əvvəl "Jelqava" və "Super Nova"nı çalışdırıb. Komandaları 2022 və 2024-cü illərdə Latviyanın I Liqasının çempionu edərək, yüksək liqaya daşıyıb.
«İmişli»nin başbilənləri Fərid Namazovla vidalaşandan sonra bir neçə əcnəbinin namizədliyini gözdən keçirib. Bura türkiyəli, ispaniyalı və polrtuqaliyalı məşqçilər daxildir.
SPORTİNFO.AZ

