«Neftçi»dən maraqlı xəbər var. Komanda qapalı rejimə keçib.
Bu, Yuri Vernidubun istəyidir.
Belə ki, baş məşqçi gündəlik hazırlıq prosesinin digər şəxslər tərəfindən izlənilməsinə məhdudiyyət qoyub. Onun keçdiyi çalışmaları yalnız klub rəhbərliyi izləyə bilər.
Burada çalışan adi işçilər, məşqçilər və digərləri meydançaya yaxın getməməlidir - onlara icazə yoxdur.
Ukraynalı mütəxəssisin göstərişi ilə əraziyə dörd mühafizəçi yerləşdirilib. Hərəsi bir tərəfdə dayanaraq, məşq prosesi müddətində tapşırığı yerinə yetirir.
Təcrübəli sükançı nədən belə qərar verib? 60 yaşlı çalışdırıcı taktiki tapşırıqlarının gizli qalmasını lazım bilir.
Ehtiyat edir ki, kənar şəxslər bazaya daxil olaraq, məşqi izləyər və rəqiblərə məlumat ötürər. Odur ki, Vernidubun mövqeyi anlaşılandır.
Gözü qorxub, neyləsin?! Başına gələn başmaqçı olar.
Odur ki, «Şerif»lə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığı dönəmdə də eyni yanaşmanı Moldovada sərgiləyib.
SPORTİNFO.AZ
