“Qardaşım məndən güclü futbolçudur” – “Qarabağ”da oynamaq arzusuna çatmayan fransalı

1 Oktyabr 2022 22:20 Müsahibə 1 180
“Qardaşım məndən güclü futbolçudur” – “Qarabağ”da oynamaq arzusuna çatmayan fransalı

“Qarabağ”dakı oyunu ilə azərbaycanlı futbolsevərlərin ürəyinə yol tapan Abdullah Zubirin qardaşı Tarik Zubirin ölkəmizə gəlişi səs-küyə səbəb olmuşdu.

Texnika baxımından Abdullahdan geri qalmasa da, bəxt sarıdan üzünün gülməməsi Premyer Liqa yox, Birinci Divizion təmsilçisi “Zaqatala”da peyda olması ilə nəticələnmişdi.

Aşağı dəstədə oyunlara çıxan Tarik karyerasının növbəti illərini Azərbaycanda keçirmək istəməyərək yayda vətəni Fransaya qayıtdı.

Kiçik Zubirlə əlaqə saxlayaraq suallarımızı cavablandırmasını xahiş edincə, Sportinfo.az-a müsahibə verməkdən boyun qaçırmadı.

- Necəsən? Nə işlə məşğulsan indi?

- Əlhəmdülillah, yaxşıyam. Fransadayam, Parisdə. Futbolçu karyeramı başa vuraraq yenidən futzala qayıtdım. Bundan sonra həm futzal oynayacağam, həm də digər işlərimlə məşğul olacağam.

- “Zaqatala”da qalmaq istəmədin. Səbəbini sənin dilindən eşitmək maraqlı olardı.

- Qalmaq istəyirdim əslində. Hətta baş məşqçimizlə də gələcəklə bağlı söhbətimiz olmuşdu. Amma sonradan şəxsi işlərimlə bağlı Fransaya qayıtmağımın vacibliyi çıxdı ortaya. Seçim arasında qalmışdım, çətin durumda idim. Çox düşündükdən sonra Fransaya qayıtmağı tərcih etdim. Açığı, çox istəyirdim Azərbaycanda qalmağı, ancaq heç cür alınmadı.

- Azərbaycana gələndə Birinci Divizionda oynayacağını bilirdin. Maraqlıdır, həmin vaxt planların, arzuların nədən ibarət idi?

- Zaqatalada özümü olduqca xoşbəxt hiss edirdim. Hətta dost-tanışla söhbətdə həmişə bunu deyirdim. Komandada özümə qarşı münasibət, görülən işlər, yaradılan şərait, Zaqatalanın təbiəti – hər şey ürəyimcə idi. Səmimi deyim ki, bu komanda Premyer Liqada oynamağ layiqdir. Düşünürdüm və hələ də düşünürəm ki, “Zaqatala” ən qısa zamanda Premyer Liqada iştirak edəcək. Çünki klub və oradakı azarkeşlər bunu haqq edir.

- Sən də qardaşın kimi texnikalı, istedadlısan. Abdullah Zubir olmağına nə çatmadı? Kim mane oldu?

- Çünki futbolçu keyfiyyətlərinə görə o məndən üstündür (uca səslə gülür). Həqiqətən məndən güclü futbolçudur.

- 1 ilə yaxın müddətdə Zaqatalada yaşadın, Bakını gəzmək imkanı qazandın. Ölkəmiz və futbolumuzla bağlı fikirlərini eşitmək istərdim.

- Bu barədə saatlarla danışa bilərəm. Azərbaycan indiyə qədər gəzdiyim ölkələrin arasında ən yaxşılardan biridir. Məni yaxşı mənada təəccübləndirən insanların qonaqlara olan münasibətidir. Gəlmələrə özlərindən biri kimi baxırlar. Mehriban yanaşırlar, hər imkanda kömək etməyə çalışırlar. Orada olduğum müddətdə heç vaxt peşmanlıq hissi keçirmədim, xoş təəssüratlar yarandı məndə. Futbol da inkişaf etməkdədir, böyük işlər görülür. Çox istərdim ki, Birinci Diviziona diqqət artsın, daha çox inkişaf etsin.

- Fransadakı dostlarına, qohumlarına Azərbaycanla bağlı nə deyirsən? Nə danışırsan?

- Öncəki sualda sizə dediklərimin hər birini onlara da danışıram. Dostlarıma deyirəm ki, Azərbaycan qərblilərin turist kimi getdiyi ölkə olmadığı üçün ziyarət edilməli ölkədir. Onlara mütləq bir dəfə Bakını, Azərbaycanı görməyi təvsiyə edirəm.

- Düzünü de, “Zaqatala”da oynadığın dönəmdə nə vaxtsa “Qarabağ”da Abdullahla komanda yoldaşı olmağı arzulayırdın?

- Əlbəttə. Bunu kim arzulamaz ki (gülür)? Arzumun həyata keçməsi üçün mənə azı 2 il vaxt lazım idi. Bu isə az zaman deyil.

- “Qarabağ”a düşmək çətindir, bilirəm. Premyer Liqamızın başqa komandalarında oynaya bilməzdin ki?

- Əlbəttə, oynaya bilərdim. Lakin bunun üçün də vaxta ehtiyac var idi. İntensiv məşqlər etməli, daha çox güc yığmalı, komandanın daxilində olmalıydım. Bu isə yaxın 1-2 ay üçün çətin görünürdü. Həyatda nə olursa xeyirliyə olur. İnşallah, bundan sonra işlər plana uyğun davam edər.

- “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Nant”ı böyük hesabla məğlub etdi – 3:0. Oyundan sonra tanıdığın fransızlar komandamız haqda nə danışırdı?

- Fransada “Qarabağ”ı indi yox, çoxdan tanıyırlar. Bir neçə dəfə Fransanın ən güclü komandalarına qarşı oynayıb və nəyə qadır olduğunu göstərib: “Monako”, “Sent-Etyen”, “Marsel”... Xüsusən “Marsel”lə Bakıdakı oyunda “Qarabağ” inanılmaz dərəcədə xoş təsir bağışlamışdı. Ona görə də “Nant” üzərindəki məlum qələbə burada heç kimi çaşdırmadı. Çünki insanlar “Qarabağ”ın gücünə bələd idi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti