Rəfiyevin adamı - millinin məşqçisi Mənsimova dəstək verdi

18 Aprel 2020 09:30 Milli komanda 850
Rəfiyevin adamı - millinin məşqçisi Mənsimova dəstək verdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının məşqçisi Elbrus Məmmədov sosial şəbəkədə maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, «facebook»dakı şəxsi profilində hazırda Türkiyədə həbsdə olan «Xəzər Lənkəran»ın fəxri prezidenti Mübariz Mənsimovun şəklini yerləşdirib və ona mənəvi dəstəyini nümayiş etdirib.

Millidə Milan Obradoviçin köməkçisi işləyən sumqayıtlı mütəxəssisin bu jesti izləyiciləri tərəfindən böyük diqqət görüb və alqışlanıb. Bu da təsadüfi deyil.

Məmmədov uzun illər «Xəzər Lənkəran»da fəaliyyət göstərib. Cənub klubunun həm akademiyasında, həm əvəzedici, həm də əsas komandasında çalışıb.

Onun U-21-də görəv almasına «Sumqayıt»ın prezidenti Riad Rəfiyev xeyir-dua verib. Elbrus bəy «Xəzər Lənkəran»dan ayrılandan sonra məhz bu klubda işə düzəlib. Yığmaya təyinat alandan bir müddət sonra da, yəni, ötən ilin iyununa kimi «kimyaçılar»ın əvəzedici heyətinin sükanı arxasında olub.

Rbradoviçi Azərbaycana Rəfiyevin gətirməsini xatırladaq. «Sumqayıt»ın menecerliklə məşğul olan prezidenti serbiyalı baş məşqçinin AFFA ilə müqavilə imzalamasından 35 min dollar qazanıb.

Məmmədovu Obradoviçi Ukraynadan tanyıb. Bir yerdə «Pro» kateqoriyalı kursda oxuyublar və münasibətləri Kiyevdən başlayıb. Ancaq sözsüz ki, Məmmədova U-21-dən dəvət gəlməsində bu amil yetərli olmayıb. Onun zəmanətini AFFA-ya məhz Riad bəy verib.

Ümumiyyətlə, deməliyik ki, Mübariz Mənsimova isti münasibətini gizlətməyən futbol adamlarının sayı kifayət qədər azdır. Bu sahənin mənsubları arasında ilk dəfə «Neftçi»nin idman direktoru Ceyhun Sultanov cənub klubunun sahibi ilə həmrəylik nümayiş etdirib.

Paytaxt təmsilçisinin aparıcı fiqurantı martın 22-də – Mənsimovun doğum günündə onun da yer aldığı «Xəzər Lənkəran»ın xatirə fotosunu şəxsi profilində payğlaşıb.

Sultanovun ardınca Futbol İctimaiyyətinin Həmkarlar İttifaqının sədri Nazim Süleymanov həbsdəki şəxslə bağlı mətbuata müsbət açıqlama verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti