Yanvarda «Beşiktaş»dan uzaqlaşdırılan Abdullah Avcının Azərbaycan millisini çalışdrmayacağı böyük ölçüdə dəqiqləşib.
Sportinfo.az-ın məlumatına görə, AFFA İlə türkiyəli mütəxəssis arasında aparılan danışıqlar «dalana dirənib».
İş ondadır ki, tərəflər müqavilə şərtləri ilə bağlı məsələlərdə ortaq məxrəcə gələ bilmir. Bir qədər konkretliyə varaq: federasiya Avcının özüylə maliyyə mövzusunu hələ müzakirə edib qurtarmayıb.
Səbəb isə Trükiyə yığmasının sabiq baş məşqçisinin «Mən sayı 15-dən artıq ekiplə çalışıram. Hara getsədim, onlar da mənimlə bərabər olacaq. Siz Azərbaycanda çalışmağımı istəyirsizcə, əvvəlcə onlarla finans şərtlərini danışıb razılaşdırmalısız» söyləməsidir.
Bu şərt AFFA-ya mədəni surətdə «gedin, tayınızı tapın» deməkdir. Avcı Türkiyənin ən bahalı məşqçilərindən biri hesab olunur. Onun 1 ayı «Beşiktaş»a 400 min manatdan artıq məbləğə başa gəlib.
Təbii ki, o, bundan xeyli aşağı rəqəmə gəlib Azərbaycanda çalışan dey1il. AFFA illik minimum 2,5 milyon dollar təklif etməlidir ki, Avcı bu barədə düşünsün. Hələ köməkçiləri ilə hesablaşmaq… Bu da ayrı dəm-dəstgahdır.
Üstəlik, koronavirus AFFA-nın maliyyə təminatına zərbə vurub. Neftin dünya birjasında qiymətinin kəskin aşağı düşməsi SOCAR-ı əsas sponsoru olduğu federasiya qarşısında çətin vəziyyətə salıb.
Digər tərəfdən, FİFA millilərin beynəlxalq oyunlarını 2021-ci ilə kimi dayandırmağa hazırlaşır. Belə bir vəziyyətdə o qədər pul verib, Avcı ilə indidən anlaşmağa gərək var?

