AFFA millimizin sükanı arxasına gətirmək istədiyi Abdullah Avcı “Hürriyet”yə danışıb.
Sportinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis gələcək karyerası barədə danışarkən, Azərbaycanda çalışmağa həvəsli olmadığını hiss etdirib:
“Meydança üçün darıxmışam. İşini sevən birisizsə, ondan uzaq olmaq sizə çətin gələcək. Ancaq hazırda yenilənmə dönəmindəyəm. Yaşananları bir daha gözdən keçirirəm.
Fərqli şəkildə dönəcəm. Amma tələsən yerim yoxdur. Hazırda hər şeyin normala dönməsi vacibdir. Uğurlu olmaq üçün buna inanmaq lazımdır. Hər zaman böyük işlərin xəyalını qurmuşam.
Futbola xidmət etmək istəyirəm. Mənim üçün ölkədə və ya xaricdə işləməyin önəmi yoxdur. Həyatımda fərqli təcrübələrin olmasını istəyirəm. Açığı, özümə çalışmaq üçün konkret yer bəlirləməmişəm. Ancaq öncəliyim İspaniya, İngiltərə, Hollandiya ola bilər.
Yaşıl meydanlar üçün darıxmadığımı deyə bilmərəm. İstefadan sonra ilk günlərdə rahat olduqlarını söyləyənlərlə razılaşmıram. Peşənizi sevirsinizsə, belə fikirlər səsləndirmək düzgün deyil".
Bir müddət əvvəl "Beşiktaş"ın baş məşqçi postundan ayrıldıqdan sonra işsiz qalan mütəxəssis hazırda öz imkanlarını ölçüb-biçmək baxımından faydalı dönəm keçirdiyini bildirib:
"Yaşadıqlarımı gözdən keçirirəm. Buna mentalitet və peşəkar anlamda yenilənmə prosesi də deyə bilərik. Uğura gedən yol xəyaldan və o xəyalı gerçəkləşməsi üçün çalışmaqdan keçir.
Enerjim ve gücüm imkan verdiyi müddətdə futbola xidmət etmək istəyirəm. Fərq etmir: yerli və ya xarici komanda olsun. Əlbəttə, həyatımda fərqli təcrübələrin yaşanmasını istərdim. Üstünlük vermək baxımından sıralama aparmamışam".
Abdullah Avcı karyerası ərzində "İstanbulspor", "Başakşehir" və Türkiyə millilərinin də baş məşqçisi olub. O, "Beşiktaş"ı yanvarın 24-də tərk edib.

