"Hafiz Məmmədov çox insanın həyatını dəyişdirib" - TÜRKİYƏLİ FUNKSİONER

14 Yanvar 2020 21:02 Maraqlı 1 431
"Hafiz Məmmədov çox insanın həyatını dəyişdirib" - TÜRKİYƏLİ FUNKSİONER

2005/2006 və 2008/2009-cu illərdə Azərbaycan çempionu olmuş, 3 dəfə isə (2004/2005, 2009/2010, 2011/212) ölkə kubokunu qazansa da, sonradan tarixə qovuşmuş "Bakı"nın keçmiş vitse-prezidenti, "Bakı" voleybol klubunun sabiq prezidenti Tunc Afşar Sportinfo.az saytına müsahibə verib.

- Tunc bəy, çoxdandır sizdən xəbər yoxdur, nə işlə məşğul olursuz?

- İstanbulda yaşayıram. Beynəlxalq idman və "e-idman" (esport) üzrə məsləhətçi çalışıram.

- Uzun zaman Azərbaycan futbolunun içində olduz. Hazırda Azərbaycan futbolunu izləyirsiz?

- Əlbəttə, izləyirəm. "Qarabağ"ın Avropada qazandığı uğurlarla fəxr edirəm. Məni ən çox sevindirən isə indi olmayan "Bakı"nın yetirmələrinin əksər klublarda oynamasıdır.

- "Bakı" futbol klubunun dağılması barədə nə söyləyə bilərsiz?

- Boyuk üzüntü hiss edirəm. Hafiz Məmmədov 2008-ci ildə bizi Azərbaycana dəvət edəndə böyük "Bakı" layihəsinin gələcək planı ilə tanış olduq, birlikdə çalışmağa qərar verdik. Bu layihəni həyata keçirmək üçün işlədik. "Bakı" çox qısa zamanda Azərbaycanda futbol brendinə çevrildi. Ancaq çox təəssüf ki, Hafiz müəllimə lazım olan maddi kömək göstərilmədi və möhtəşəm layihə dağıldı.

- Hafiz Məmmədovla indi əlaqəniz var, danışırsız?

- Hafiz müəllim mənim böyük qardaşımdır, dəyərli insandır. Onun yeri ürəyimdə hər zaman olacaq. Çox insana kömək olub, bir çoxlarının həyatının dəyişməsində rol oynayıb. Bilirəm ki, məşğul insandır, işləri çox olur. Ona görə tez-tez narahat etmək istəmirəm. Amma zaman-zaman əlaqə saxlayıram.

- Siz həm də "Bakı" voleybol klubunun prezidenti olmusuz. Son illər Azərbaycan voleybolunda yaşanan geriləməni nə ilə izah edə bilərsiz?

- Faiq Qarayev dünyada xüsusi çəkisi olan voleybol adamıdır. Burada Azərbaycan voleybolunun geriləməsindən söhbət gedə bilməz. Sadəcə, nəsildəyişmə prosesi baş verir. Buna görə uğursuzluq qaçılmazdır. Bu vəziyyət yalnız voleybolçularla bağlı olan məsələdir. Aparıcı voleybolçularınız karyeralarının sonuna gəldilər. Komanda indi yenidən formalaşmağa başlayıb. Artıq yeni voleybolçularla uğur qazanmaq vaxtıdır. Federasiya prezidenti Cavid Qurbanovun hazırlatdırdığı layihədən xəbərim var. Mənə elə gəlir ki, Azərbaycan voleybolunun perspektivi işıqlı olacaq.

- Bizim voleybol millimzdən fərqli, Türkiyə yığması Olimpiya Oyunlarına vəsiqə qazandı. Türkiyə voleybolu Azərbaycandan çox irəlidədir?

- Hazırda Türkiyə voleybolu futbol dili ilə desək, Premyer Liqa, La Liqa səviyyəsindədir. Çox səviyyəli voleybolçuların mübarizə apardığı çempionat keçirilir. Belə olan halda uğurlu nəticə də gəlməlidir. Polina Rəhimova, Yana Kulan kimi voleybolçularınız uzun müddət legioner həyatı yaşadığı üçün artırdı, təcrübə qazandı və güclü voleybolçulara çevrildilər. Məncə, indi Azərbaycanda yüksək səviyyəli voleybol çempionatı, yaxşı rəqabət olan daxili birincilik yaradılmalıdır.

- Həyat yoldaşınız - voleybol millimizin keçmiş üzvü Natavan xanım indi nə işlə məşğuldur?

- Natavan xanım "Bakı-2015" Avropa oyunlarından sonra karyerasını başa vurdu. Hazırda 2 yaşlı əkizlərimizə baxmaqla məşğuldur.

- Yenidən Azərbaycana qayıdıb bir voleybol, futbol komandasında çalışmaq kimi bir planınız, düşüncəniz var?

- Azərbaycan mənim ikinci vətənimdir. İnşallah, qismət. İmkan olarsa, məmnuniyyətlə.

- Türkiyənin futbol üzrə milli komandası AÇ-2020-nin 2 oyununu Bakıda keçirəcək. Bu mövzuda fikiriniz maraqlıdır...

- Bu, Türkiyə üçün çox böyük bir şansdır. Bakı, Azərbaycan bizə doğmadır. İnanıram ki, milli komandamız türk dünyası adına uğurla çıxış edəcək.

- Yığmanızın oyunlarını Bakıda stadiondan canlı izləyəcəksiz?

- Yayda Bakıya gəlmək fikrim var. Dostlarımı - Zeynal müəllimi ("Bakı"nın baş meneceri Zeynal Məmmədovu nəzərdə tutur-red), Yaşar Seyidovu və digərlərini görmək istəyirəm. Hamısı üçün çox darıxmışam.

- Sizcə, Azərbaycanın futbol millisinin böyük turnirlərə qatılması üçün nə etmək lazımdır?

- Sizin üçün çox gözəl şans var ki, ölkə başçısı cənab İlham Əliyev idman azarkeşidir, lazım olan dəstəyi verir. Azərbaycanda idman üçün hər bir şərait var. Məsələ ondadır ki, hazırda Türkiyə millisinin futbolçularının çoxu xaricdə legioner həyatı yaşayır. Mənə elə gəlir ki, istedadlı futbolçuları xaricə göndərmək lazımdır. Biz zamanında Bəxtiyar Soltanov, Aqil Məmmədov kimi istedadları Belçikaya - "Anderlext"ə göndərmişdik.

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti