Əcnəbilər yaxşıdı, bircə Qurban Qurbanov pisdir?

17 Noyabr 2020 20:20 Köşə 1 703
Əcnəbilər yaxşıdı, bircə Qurban Qurbanov pisdir?

Bizlərdə bir misal var - "Söz vaxtına çəkər".

20 noyabr 2018-ci il ölkə futbolu üçün əhəmiyyətli gün idi.

Azərbaycan millisi Millətlər Liqasının D qrupu çərçivəsində sonuncu görüşünə çıxırdı. Kosovo ilə baş tutacaq oyunun nəticəsi lideri təyin edəcəkdi.

Qurban Qurbanovun rəhbərliyi altında milli komandamız ilk dəfə keçirilən Millətlər Liqasının qrupundan lider kimi növbəti mərhələyə yüksələ bilərdi. Hər şey komandamızın öz əlindəydi. Bu isə Avropa Çempionatına getmək yolunda əhəmiyyətli addım idi.

Söz vaxtına çəkər misalın boşuna demədim. Təxminən bu günlərdə milli komandamız məlum oyun üçün yola düşürdü. AFFA-nın Baş Katibi Elxan Məmmədov və İsgəndər Cavadov başda olmaqla onun digər yaxın ətrafı da səfərə gedənlər arasında yer almışdı.

İsgəndər Cavadovu boşuna xüsusi fərqləndirmədim. 6 il Bert Foqtsun, 3 il Robert Prosineçkinin fəaliyyət(sizliy)i dövründə ağzına su alıb, rahat kreslosunda mürgü vura-vura maaşını alan Cavadov, məhz bu oyundan öncə dilə gəlmişdi. Məhz baş məşqçinin yerli Qurban Qurbanov olduğu dönəm danışmaq ağlına batmışdı və ya batırmışdılar.

Sitat: "Qrupda bir oyun qalıb və 1-ci yeri tutmaq üçün MÜTLƏQ qələbə qazanmalıyıq. Futbolçularımız bütün gücü, ustalığı bu oyunda qoymalı və qalib gəlməlidirlər. BAŞQA YOLUMUZ yoxdur. Bu rəqibləri keçməliyik. Bunlar Avropanın ƏN ZƏİF yığmalarıdır. Ümumiyyətlə, bizim liqada ən zəif qrup bizdədir".

Qurbanovun Azərbaycan millisində nələrlə qarşılaşdığını hər kəs çox gözəl bilir, amma heç olmasa bu oyundan öncə susmaq olmazdımı? Bəs millinin taleyi? Bəs oyunun əhəmiyyəti? Azərbaycan millisi tarixinin ən əhəmiyyətli oyununa çıxırdı. Amma belə oyundan öncə də mərd olmağı bacarmadınız, Cavadov. Ağanıza xidmətlə məşğul oldunuz. Gizləndiyiniz yuvadan çıxıb danışdınız və yenidən qayıdıb o yuvada yaşamağa davam edirsiniz. Hər şeydən xəbərsiz, hər şeydən razı.

Qurbanov getdi, həm də kişi kimi. Elə indi də doğma "Qarabağ"ında kişilərin arasında kişi kimi uğurlarını davam etdirir. Bəs siz nə işlə məşğulsunuz? Bu qoca yaşınızda belə hələ də futbolumuzun anasını ağlar qoyan, evini talayanlara əl çalmaqla məşğulsunuz.

Cavadov, Qurbanovdan sonra Yurçeviç gəldi və 20 ildən sonra tariximizin ən bərbad nəticəsəni verdi. Amma səsiniz də çıxmadı.

Elə bu gün milli komandamız Millətlər Liqasının qrup mərhələsində sonuncu görüşünə çıxır. Kosovoda da milli sonuncu görüşünə çıxırdı. Orda dilə gələn, mütləq qələbədən, zəif rəqibdən, möhtəşəm şəraitdən danışırdınız, Cavadov. İndi niyə susmusunuz? Niyə demirsiniz ki, mütləq qələbə lazımdır ki, SONUNCU yeri tutmayaq. Mütləq qələbə lazımdır ki, 10 nəfərlə qalan Monteneqronu uda bilməməyimizin biabırçılığını "unutduraq". Mütləq qələbə lazımdır ki, heç olmasa axır-axır da 5-10 manat mükafat qazanaq. Yoxsa De Byazı qarışıq bütün əcnəbilər yaxşıdı, bircə Qurban Qurbanov pisdi?

Xanoğlan İmanov

Xəbər Lenti