Sən Ronaldosan, yoxsa Azərbaycan əsgəri?

30 Sentyabr 2023 21:20 Köşə 3 360
Sən Ronaldosan, yoxsa Azərbaycan əsgəri?

Vüsal İsgəndərlinin Albaniyadakı işlər yağ kimi gedir.

“Sumqayıt”dan ayrıldıqdan sonra “Eqnatiya” ilə anlaşan 27 yaşlı həmyerlimizin yeni komandasına uyğunlaşdığını deyə bilərik.

Vüsal Albaniyanın yüksək dəstəsində şans qazandığı 6 oyunun 5-də əsas heyətdə şans qazanmaqla 2 qol vurub, 1 məhsuldar ötürmənin müəllifi olub.

İsgəndərlinin sonuncu qolu ölkəmiz üçün xüsusi günə - 27 sentyabra təsadüf etdi. Anım Günündə “Vlajniya”nın qapısına yol tapan azərbaycanlı futbolçu əsgər salamı ilə fərqlənməyə çalışdı. Və insaf naminə, bu, onda pis alınmadı.

Sosial şəbəkələrdə Vüsalın qol sevincini görəndə, açığı, bir xeyli təəccübləndim. Birində qolu Ronaldosayağı qeyd edir ki, alban şərhçi də məşhur futbolçunun adını xüsusi səs tonu ilə diqqətə çatdırır. Digər epizodda isə futbolçumuz əsgər salamı verir.

“Ronaldosayağı sevinc hara, əsgər salamı hara” sualını başımda fırlada-fırlada internet qaynaqlarında fırlanıb həmin görüntünün tam versiyasını tapdım. Deməli, Vüsal qolu vurandan sonra özünü Ronaldoya bənzədir, daha sonra əsgər salamı vermək qərarına gəlir.

Dostumuzun diqqətinə çatdırmaq lazımdır ki, bu iki qol sevinci bir-birinə tərs mütənasibdir. Ronaldosayağı sevinc başqadır, qolu şanlı ordumuza həsr etmək başqa. Yəni bunların ikisini bir yerə sığışdırmaq absurddur. Hiss olaraq da uyğun gəlmirlər. Yox, ikisini bir yerə yerləşdirmək istəyirsənsə, süni alınır, kənardan yaxşı görünmür.

Bilirsən niyə?

Ona görə ki, 27 sentyabrın xüsusi gün olmasının fərqinə varan adam hələ meydana ayaq basmamış qol vuracağı halda bunu necə qeyd edəcəyini götür-qoy edir, yekunda özlüyündə qərar verir. Vüsal da bəlkə əvvəldən əsgər salamını planlaşdırıb. Ancaq topu rəqib qapıçının yanından tora qovuşduranda bir anda yadına Ronaldo düşüb.

Düşünüb ki, bu hərəkətlə Albaniyada gündəmə gəlib, Azərbaycan əsgəri obrazı ilə Azərbaycandakıların diqqətini çəkərəm. Əks halda bunun başqa izahı yoxdur.

Öz aramızdır, Ronaldosayağı sevinc hara, əsgər salamı hara?

HƏBİB

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"