Qurbanov və Abasov susacaqsa...

30 Aprel 2022 21:00 Köşə 1 663
Qurbanov və Abasov susacaqsa...

Dünən AFFA İcraiyyə Komitəsinin növbəti iclası baş tutdu. Görüşdə bir sıra qərarlar qəbul olundu.

Premyer Liqa klubunlarını daha çox maraqlandıran və qane etməyən qərlar isə aşağıdakılar oldu.

1. Yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdiriləcək.

2. Çempionatda əvəzetmə sayı dəyişdirilməyəcək.

3. Gənc futbolçular üçün yaş limiti ləğv olunacaq.

Açıqlanan qərarlardan sonra bir sıra mütəxəssislər yeni qaydaları şərh etməyə başladı.

Onların arasında Qurban Qurbanov və Samir Abasov da vardı. Hər iki mütəxəssisin açıqlamalarında qərar və qərar verənlərdən narazılıq açıq-aşkar hiss olundu. Hətta hər iki tərəf də bundan sonra danışmaq, fikir bildirmək istəmədiklərini dedilər.

Bir daha onların fikirləri ilə sizləri tanış edək.

Qurban Qurbanov: "Bəzən belə suallardan uzaq olmaq istəyirəm. Amma fikirlərimi də bildirməliyım. Qərarın səbəbini deyə bilmərəm. Sadəcə, maraqlı tərəf odur ki, bizim fikirlərimiz öyrənilir, amma qərar fərqli olur. Klublar Komitəsi yığışıb müzakirə də aparmışdı. Hər klubun öz düşüncəsi var, gələcəyə nəyisə planlaşdırır. Klublara məlumat gəlmişdi ki, bu gün yenə də müzakirə olunacaq, amma qərar sonra açıqlanacaq. Soruşmuşdular, demişdim ki, biz heç bir fikir bildirməyək, digərləri nə desə, ona uyğun da işimizlə məşğul olmuşuq. Çempionatın gedişi ilə bağlı fikirlərim fərqlidir. Kiçik fikir bildirdik, fərqli qərar verdilər. Fikirlərimizə önəm verilməyəndə bizə öz işimizlə məşğul olmaq qalır. Qərarlara təəccüblənmədim, ciddi dəyişiklik olmadı. İcraiyyə Komitəsində necə istədilərsə, o da oldu. Yəqin ki, özləri açıqlama verəcəklər. Görünür, dərindən düşünüb qərar veriblər. İstənilən halda, özüm və komandam Azərbaycan futboluna layiqincə xidmət etməyə çalışırıq".

Samir Abasov: "İnanın ki, heç qərarlarla tam tanış olmamışam. Hər zaman limitin aradan qaldırılmasını istəyənlərdən biri mən idim. O vaxt da fikirləşirdim ki, bu, inkişafa mane olur. Həmin dövrdə jurnalistlər, mütəxəssislər mənim üzərimə hücum etdilər. Ondan sonra dedim ki, mən kənarda qalım. İndi isə niyə ləğv olunmur deyə sual verilir. Bununla bağlı cavab verən deyiləm. Danışdım və gördüm. Hamısı özünü yaxşı eləmək, patriotluğunu göstərmək istəyir. Qərar verdim ki, danışmaq olmaz və danışmayacağam”.

Haqqlı iradlar və haqqlı narazılıqdır. Qulaq asan yoxdursa, niyə danışsınlar?

Söhbət son illər ölkə futbolunun yükünü çiyinlərində tək daşıyan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və ölkənin ən köklü klubu olan "Neftçi"nin baş məşqçisi Samir Abasovdan gedir.

Bu gün bu klubların baş məşqçiləri söz sahibi olmayacaq, susacaqsa, küs(dürül)əcəksə, bəs kimlər danışacaq?

Axı bu adamların fikirlərini öyrənməli olduğunuzu bilmək elə də çətin deyil. Niyə bu ölkənin futbolunu öz dədə-baba mirsasınız kimi idarə edirsiniz? Niyə cəngəllik qanunlarından əl çəkmirsiniz?

Qurban Qurbanov və Samir Abasovun bu məsələlərdə fikir bildirmək haqqı ən yüksək səviyyədə var. Bildirmək də yox ha, fikirlərinin böyük ölçüdə qəbul olunması məcburiyyətiniz var. Bəs buna niyə əməl etmirsiniz? Axı onlar danışmasa, bəs kimlər danışacaq?

XANOĞLAN İMANOV

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!