Boş, məkrli baş futbol qərargahı və məğlub ruhla bu işlər düzəlməz

23 Mart 2021 19:40 Köşə 749
Boş, məkrli baş futbol  qərargahı və məğlub ruhla bu işlər düzəlməz

Qalib ordumuz Qarabağımızı, torpaqlarımızı azad etdikdən sonra Azərbaycan millisi ilk dəfə rəsmi oyunlarına çıxacaq.

Məğlub psixologiyalı futboluzda zəfər anlayışının dərk edilməsi çətin görünür. Yığmayla bağlı müzakirələr, futbolçu seçimləri də bunu göstərir...

Fransa millisi benzemalarsız gənc Mbappe ilə dünya çempionluğunu qazandı, Argentina üsta futbolçularını kənarda saxlayıb Messi ilə heç nə edə bilmədi.

Təbii, Azərbaycan millisi nə Fransa deyil, nə də Argentina. Keyfiyyətli futbolçu bolluğu da müqayisəedilməzdir...

Müqayisə ondadır ki, hər bir seçimin, addımın doğruluğunu, sonda göstərilən nəticə müəyyənləşdirir. Azərbaycan millisində istənilən seçimlərdən asılı olmayaraq, nəticə, daha doğrusu, nəticəsizlik öncədən məlumdur.

Bunlar bilindiyi halda müzakirələr aşıb-daşır, təbliğat maşını yenə öz işindədir. Ölkə futbolunun problemləri qalıb kənarda, üzdənşanaşmalar baş alıb gedir.

Tənqid edənlər, fikir bildirənlərə qarşı əks arqumentlər hazırlanır, məğlub futbolun müdafiə qalasının divarları, bunkerləri möhkəmləndirilir.

"Ohanyan səddini" quranlar da belə düşünürdülər, keçilməz olduqlarını zənn edirdilər, özlərini qalib sayırdılar. İllərdi təbliğat maşınları bütün dünyanı bürümüşdü.

"Sülh" xülyaları keçmədi. Pərəm-pərəm oldular, saxta qalaları dağıdıldı, müqqəddəs Şuşa qalası geri alındı, Cıdır düzündə Odlar yurdunun tonqalı yandırıldı...

Zəfər yolu ilk öncə daxildəki düşmənlərin yox edilməsi ilə başladı. Baş qərargah təmizləndi, qalib generalların yolu açıldı.

Asan başa gəlmədi, düşmən pusquları ilə polad cüssəli sərkərdələrimizi itirdik. Yolumuzdan dönmədik, şəhidlərimizin qanı, canı bahasına zəfər yürüşü davam edildi...

Azərbaycan futbolunun dərdi, olmayan futbolçu seçimləri deyil.

Mövcud seçimlər arasında bir-iki layiq olan futbolçunun kənarda qalmasıyla nə olacaq, millidə olsaydılar nə olacaqdı?! Azərbaycan millisi final mərhələsinə yüksələcək?

On ildən çoxdu yağ-bal içində olan futbolda sıkllar bir-birini əvəzləyir, ildən-ilə futbol cılızlaşır, kağız üzərində 200 min futbolçu arasından seçimlər tükənir.

Tükənməyən, yerində qalan futbolun baş qərargah generallarıdır. Fərq etməz, təsadüflər olsun və ya səlahiyyətli futbol adamları...

Yenə beş ulduzlu otellərdə, təyyarənin göyərtəsində, millinin tərkibində turist səfərlərində saxta futbol generallarının viskidən, araqdan vurması, kef əyyamları və sonda, mədəni dillə desək, danlanan futbolçular, "Azərbaycanda futbol olmayıb" bəhanələri...

Futbolçu-əsgərdir! Oyunçuların meydanda futbolçu-XTQ-çi olmaları üçün illərin peşəkar təlimləri, dəqiq strategiyası, fiziki, nəzəri, taktiki hazırlığı gərəkdir. Bunları təşkil edən, yaradan Vətəni, futbolu sevən, işini bacaran futbol generalları olur/olmalıdır!

Boş, məkrli, xalqı sevməyən baş futbol qərargahı ilə, məğlub ruhla bu işlər düzəlməz.

Futboldakı düşmən səddinin yarılması anı çoxdan yetişib. Futboldakı boz qalanın alınması, Şuşa qalası kimi azad edilməsi, ilk öncə saxta futbol generallarının futboldan yox edilməsindən keçir...

Onda həqiqi futbol generalları da üzə çıxacaq, yaşıl meydanlarda rəqibi diz çökdürəcək futbolçu - xüsusi təyinatlılar da yetişəcək, qalib, hazırlıqlı hücum psixologiyası ilə qələbələr, zəfərlər də özünü çox gözlətməyəcək.

Milli- müqqədəs torpaqlarımız kimi hər birimizindir!

Tahir Seleymanov

Xəbər Lenti