Tərlan Əhmədovun bazara çevirdiyi "Keşlə" tragikomediyası

29 İyun 2020 18:22 Şamaxı 990
Tərlan Əhmədovun bazara çevirdiyi "Keşlə"  tragikomediyası

Deyirlər ki, futbolda qalib heyəti dəyişməzlər. Tamamlanmayan Premyer Liqamızda 3-cü yeri tutan "Keşlə" də özünü qalib saya bilər.

Hərçənd bu qalibiyyət digərlərin zəifliyi fonunda qazanılıb. İstənilən halda, bürünc mükafat götürən normal klub kiçik dəyişikliklərlə heyəti daha da gücləndirər, avrokuboklara iddialı hazırlaşar. Amma nədənsə "Keşlə" özünü 3-cü yox, sonuncu yerin sahibi kimi aparır. Komandanın bürünc qazanmasında əməyi olan futbolçular topa şəkildə yola salınır.

Heyətdə aparılan islahat Tərlan Əhmədov fəlsəfəsinə uyğundur. Baş məşqçi işlədiyi yerlərdə hər transfer dönəmində yenidən "söküb-yığmağı" artıq adət halına çevirib. Komandası uğur qazandığı vaxtda belə buna əl atması insan beynində çox suallar əmələ gətirir, şübhələr yaradır.

İyun başa çatmamış son mövsüm heyətdə olan futbolçulardan 9-u artıq yola salınıb. Onlardan Əfran İsmayılovla Murad Ağayevin nəyə görə heyətə cəlb olunduqları sualı hələ də insanları düşündürdüyü məqam idi. Amma Tərlan Əhmədov bu oyunçuları "qara siyahı"ya salmaqla sualı cavablandırdı. Onları gətirəndə adi azarkeş də gözəl başa düşürdü ki, həmin futbolçulardan "Keşlə"yə xeyir gəlməz. Maraqlıdır, Tərlan Əhmədov bunu bilmirdi?

Cabir Əmirli, Slavik Alxasov, Ruslan Qurbanov, Tural Bayramlı, Lorenzo Frutos və Franko Floresin komandadan gedişi isə ayrı bir tragikomediyadır. Son mövsüm Slavik, Tural 19, Cabir, Flores 18, Lorenzo 17, Ruslan isə 16 oyunda meydana çıxıb. Yəni bu futbolçular bürüncdə az rol oynamayıblar. Xüsusən də, Franko Floresi müdafiənin mərkəzində etibarlı çıxışı ilə mövsümün ən yaxşıları sırasına belə qatmaq olar. Yaxşı, deyək ki, "Keşlə"nin pulu qurtarıb, bu futbolçulara maaş verə bilmir. Gənc Tural Bayramlını da saxlamağa imkanları çatmadı? Limitə düşən Tural ötən mövsüm orta sahəyə əlavə hərəkətlilik gətirirdi.

Gülməlisi odur ki, onlar məcburiyyətdən oynamadığı zaman meydança üzü görən Tərlan Quliyev (7 oyun), Azər Salahlı (5), ötən mövsüm 1 dəqiqə də olsun şans qazanmayan Ruslan Əmircanov və Rəşad Əzizli ilə yeni müqavilə imzalanıb. Şəxsi tanışlıqla yanına futbolçu aparmaqda ad çıxaran Tərlan Əhmədov görünür, bu dəfə ətrafını daha da sıxlaşdırır. Bəyəm klub rəhbərinin icazəsi olmadan bunlara əl atmaq mümkün olardı? Bütün bunlara göz yummaq klub idarəçilərinin həvəskarlığından xəbər verir.

Rəşad Sadiqovun iki ildir karyerasını bitirməsinə də məhz baş məşqçi imkan vermir. Rəşad özü "getdim" deyir, amma adını sifariş edirlər ki, birdən müdafiəçilər zədələnər, meydana buraxmağa kimsə tapmazlar. Avropa Liqasında iştirak edən bir klub əlavə bir futbolçu tapa bilmirsə və karyerasını bitirəndən imdad diləyirsə, demək ki, idarəçilikdə ciddi nöqsan var (apasport.az)...

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"