AFFA paytaxt klubunu Şamaxıya köçürmək planını ertələyir?

20 Yanvar 2022 14:00 Şamaxı 1 263
AFFA paytaxt klubunu Şamaxıya köçürmək planını ertələyir?

AFFA “Keşlə“ ilə bağlı planları yenidən nəzərdən keçirir.

Federasiyadan redaksiyamıza daxil olan məlumata görə, klubun Bakıdan Şamaxıya köçürülməsi ertələnə bilər.

Bu, hüquqi prosedur, həm də texniki məsələlərlə bağlıdır.

Bilindiyi kimi, Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və klub arasında müzakirə aparılıb.

Bölgələrdə futbolun inkişafına dəstək, stadionun səmərəli və müntəzəm istismarı, azarkeş marağının artırılması məqsədilə “Keşlə”yə “Şamaxı” adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub.

Bununla əlaqədar klubun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib.

AFFA noyabrın 11-də açıqlama yaymışdı ki, məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra - 2022-ci ildə “Keşlə”nin adının dəyişdirilərək, “Şamaxı” futbol klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.

Açıqlamadan sitat: “Şamaxı” FK-nın “Keşlə” Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və “Keşlə” FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək.

“Keşlə”nin aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək“.

Verilən son məlumata görə, hələlik qeyd edilən məsələlərin həlli istiqamətində irəliləyiş baş verməyib. UEFA ilə AFFA arasında yazışmalar davam etməkdədir.

Avropa futbol qurumu sənədləşmə ilə bağlı qarşı tərəfə müəyyən sorğular göndərib və gözlənilən budur ki, müsbət cavabın gəlməsi daha 2-3 ay çəkəcək.

Bu səbəbdən “Keşlə”nin əsas komandasının ən azı mayın sonunadək Bakıda qalması planlaşdırılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti