İNSİDENT YAŞANDI: ”Mən ona heç əl də uzatmaram”

26 Yanvar 2021 13:40 Şamaxı 900
İNSİDENT YAŞANDI: ”Mən ona heç əl də uzatmaram”

Sportinfo.az “Keşlə”dən ayrılan oynayan məşqçi Rəşad Sadiqovun müsahibəsini təqdim edir:

- Bir gün öncə “Keşlə”dən ayrıldınız. Bu addımı hansı səbəbdən atdınız?
- Baş məşqçi dəyişikliyindən sonra ayrılmalı oldum. Yeni baş məşqçi rəhbərliyə deyib ki, onunla işləmək istəmirəm. Mən də bildirdim ki, problem yoxdur.

- Yeni baş məşqçi Sənan Qurbanovla bu barədə görüşünüz oldu?
- Xeyr, görüşməmişəm. Elə insanla görüşmərəm. Gələn kimi rəhbərliyə o sözü deyirsə, elə insanla siz görüşmək istəyərsiniz? Şəxsən mən ona heç əl uzatmaram. Gərək birinci mənimlə görüşərdi, sözünü deyərdi, sonra rəhbərliyə qərarını açıqlayardı. Yoxsa gələn kimi, gedib “mən onu istəmirəm” deməsi düzgün deyildi.

- Sənan Qurbanovla vaxtilə bir yerdə də oynamısınız və birlikdə çalışmısınız. Aranızda hər hansı bir problem olmayıb?
- Düzdür, “Şəfa”da bir yerdə oynamışıq. Həmçinin “Qəbələ”də iki il Avropa Liqasının qrupunda çıxış etdiyimiz vaxt köməkçi məşqçi idi. Həmin vaxt bütün matçlarda da iştirak etmişəm. İndi belə qərar verməsinə normal yanaşıram. Həyat bununla bitmir. Futbolçu həyatı da, məşqçi həyatı da bənzərdir. Bu gün buradasan, sabah ayrıla bilərsən.

- Siz həm də oynayan məşqçi idiniz. Bundan sonra nə etmək fikrindəsiniz?
- Futbolçu karyeramı çoxdan bitirmişəm, daha bəsdir. İnsan gərək hörmətli şəkildə getsin. Adım oynayan məşqçi kimi gedirdi, amma oynamırdım. Sadəcə, texniki zonada oturmağım üçün sifariş olunmuşdum. Bir az istirahət etdikdən sonra məşqçilik kurslarına yazılacağam. B kateqoriyalı kurslar başlayanda mən də qatılacağam. Milli komandada oynadığım üçün C kateqoriyasını oxumağıma ehtiyac yoxdur.

- Ötən mövsüm bürünc medal qazansanız da, hazırda “Keşlə autsayderlər zonasında qərarlaşır. Bu uğursuzluğun səbəbi nədir?
- Uğursuzluğa çox səbəb göstərmək olar. Sadəcə, komanda olaraq “qara zolağ”a düşmüşük. İşlərimiz heç cür alınmırdı. Həqiqətən də, pis mövsüm keçiririk. Bu, sırf məşqçilər korpusu və ya hansısa fərdlə bağlı deyildi. Mənə elə gəlir ki, kollektivlə əlaqəli problem idi. Ola bilər ki, həm futbolçular, həm də məşqçi heyəti haradasa boşluq verdik, zəiflik göstərdik. Futbol kollektiv oyundursa, günah hamıdadır.

- Klub prezidenti Zaur Axundovun komandaya tez-tez müdaxilə etdiyi deyilir. Həqiqətən də, belədir?
- Hamı bilir ki, Zaur müəllim emosional adamdır, uğursuzluq olanda bir az hirslənir. Amma meydandan kənarda tam fərqli biridir. Hər kəslə ünsiyyətdə olur, deyib-gülür, zarafatlaşır. Kiminsə köməyə ehtiyacı olanda əlindən gələni etməyə çalışır. Sadəcə, oyun zamanı aqressivliyi, emosionallığı çox görünür (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"