"Gərgin oyun oldu. Oyundan qabaq da uşaqlara konsentarsiya haqda danışmışdıq. Rəqibin necə oynadığını bilirdik. Qol epizodları verməsək də, rəqibin texniki sarıdan üstün futbolçuları var. Bizim də qol epizodlarımız oldu. Rəqibi təzyiqdə saxlaya bildik. Bunu daha da çoxaltmaq lazımdır. Gələcək oyunlarda daha da istədiyimiz "Kəpəz" görəcəyik".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 6-cı turunun "Araz-Naxçıvan"la görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb:
- "Kəpəz"də baş məşqçi kimi ilk oyununuz sabiq komandanız "Araz-Naxçıvan"a qarşı idi. Bu sizə psixoloji sarıdan kömək oldu?
- "Araz-Naxçıvan"da işləməyim barədə fikirləşmirdim. Komandamı oyundan-oyuna daha da yaxşılaşdırmağı fikirləşirik. İstədiyimiz oyun tərzini, futbolu sərgiləmək istəyirik.
- Sizə qədər komandada kapitan sarğısını daşımış Vurğun Hüseynovun gedişi nə ilə bağlı idi?
- Onunla qısa dialoqumuz oldu. Məşqlərin birində danışdıq. İllərdir ki, Azərbaycan futboluna xidmət edir, əməyi var. Bugünkü vəziyyəti görüb, bizə uğurlar arzuladı. Futbolda başqa sahədə çalışmaq istədi. Biz də ona təşəkkür etdik.
- Premyer Liqanın xalsız yeganə komandasız. İndiki vəziyyətdə xallar qazanmaq üçün hansı planlar var?
- İkinci hissənin sonlarına yaxın meydanın mərkəzində boşluqlar var idi. Dəyişikliklər etməliydik. Amma Valdemar Pana cəzalıdır. Ona görə dəyişiklik edə bilmədik. İnanıram ki, yeni futbolçular qatacağıq "Kəpəz"ə. Artıq Pana gəlib, Dioqonun gəlişi də gözlənilir.
- Rəhbərlik sizə neçə oyun möhlət verib? Sırf neçə oyun xal qazanmasanız narazılıqlar baş verə bilər?
- Bu, rəhbərliyə yönələcək sualdır. Amma bu gün işə başlamışıq. Bu barədə danışığımız olmayıb. Ancaq inanıram ki, tezliklə xal və ya xallar qazanacağıq.