Azərbaycan komandasını çalışdıran şəxsə sonuncu şans verildi

4 Fevral 2023 13:00 Kəpəz 904
Azərbaycan komandasını çalışdıran şəxsə sonuncu şans verildi

Fevral başa çatmamış Tərlan Əhmədovun “Kəpəz”dəki fəaliyyəti başa çata bilər.

Gəncəyə gəldiyi gündən başı qalmaqallardan açılmayan təcrübəli mütəxəssis artıq sakit moduna qoşulub.

Ətrafındakıları ilə münasibətləri qaydasına salmağa çalışır, münaqişədən uzaq gəzir.

Artıq əsas diqqətini özünü yerli publikaya göstərməyə yox, komandanın çıxışına ayırıb. Mətbutda yazılanlardan, azarkeşlərin iradlarından və klub rəhbərliyinin xüsusi tapşırığından sonra hay-küy salmaq niyyətindən əl çəkib.

Klubdakı əsas söz sahibi İlqar Nadiri baş məşqçinin sərəncamında görmək istəmədiyi futbolçularla çətin də olsa dil tapıb onları yola salmağı bacardı. Əhmədov “Kəpəz”in təmizlənəcəyi təqdirdə nəticə qazanmağın iki vur iki olduğunu Nadirinin diqqətinə çatdırıb.

Lazımlı mövqelərin gücləndirilməsi üçün transferlər də həyata keçirildi. 3-ü əcnəbi, 2-si yerli olmaqla 5 yeni futbolçu karyerasını Gəncədə davam etdirməyə razılıq verdi ki, heyətin əvvəlki dönəmlə müqayisədə gücləndiyi sirr deyil.

Yəni rəhbərlik bu günə qədər Tərlan Əhmədovun çaldığı havaya oynamağı özünə borc bilib.

İndi isə oynamaq növbəsi baş məşqçidədir.

19-cu turda yerli azarkeşlərin gözləri önündə “Qəbələ”nin qapısından keçiriən toplarla hesabda 2:0 önə keçən “sarı-qaralar” meydanı 1 xalla tərk etmək məcburiyyətində qaldı. Qonaqlar fasilədən sonra “Kəpəz”dən bir baş üstün oynayıb yenilgidən qaçdı.

“Səbail”lə qarşılaşmada da eyni ssenari yaşandı. Əhmədovun rəhbərlik etdiyi kollektiv birinci 45 dəqiqədə rəqibini çaş-baş salmışdı. Bayıllılar mətkəz xəttini keçəndə sevinirdi az qala.

Lakin ikinci yarıda vəziyyət nisbətən dəyişdi və qol istəyinə çatan “Səbail” oldu. Nəticədə “Kəpəz” növbəti oyunda da əlində olan qələbəni havaya buraxdı.

Gəncə təmsilçisi ağır dönəmə ayaq basır. Fevralın 4-dəki rəqibin adı “Qarabağ”dır. Səviyyəsi ölkə hüdudlarını aşan bu komanda ilə qarşılaşmada qələbə qazanmaq, yaxud xal qoparmaq möcuzəyə bərabər olar. İnsaf naminə, həmin möcuzənin yaşanacağı inandırıcı görünmür.

Növbəti matçda qərb derbisi reallaşacaq. Həm də Tovuzda. Bu komandaların kubok mübarizəsində, xüsusən də cavab görüşündə hansı prinsipiallığın yaşandığını xatırlayırıq.

Bu dəfə lap betər olacaq. Gəncə publikası üçün əzəli rəqibinə məğlub olmaq təhqirdir, söyüşə bərabərdir. Adamlar “Turan Tovuz”a məğlubiyyəti qəbul etməyəcək. Elə klub rəhbərliyi də həmçinin.

Fevraldakı sonuncu oyunlarda “Şamaxı” Gəncəyə səfər edəcək, ardınca “Kəpəz” Sumqayıta yollanacaq.

“Qarabağ” və “Turan Tovuz”dan yenilgi yaşansa, Əhmədov çətin “Şamaxı”ylə “Sumqayıt”ı görsün. Hətta görsə belə, bu matçlardakı nəticələr Gəncədəki gələcək taleyi üçün həlledici olacaq.

Bir sözlə, üzümüzə gələn 2 oyunun nəticəsi Tərlan Əhmədov üçün ölüm-qalım mübarizəsidir. Bu mübarizədən necə ayrılacağını birlikdə görəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti