"Milan"ın futbolçusu Zlatan İbrahimoviç diz bağının zədələnməsi ilə bağlı çətinliklərindən danışıb.
Sportinfo.az xəbər verir ki, 40 yaşlı hücumçu bu haqda öz İnstaqram hesabında paylaşım edib. O deyib:
“Son altı aydır ki, sol dizimdə ağrı ilə oynayıram. Altı ay şişmiş dizlə... Son altı ayda cəmi 10 dəfə komanda ilə məşq edə bilmişəm.
Bu müddət ərzində 20-dən çox iynə vurmuşam. Hər gün ağrıkəsici istifadə etmişəm. Altı ay ağrıdan demək olar ki, yatmadım.
Meydanda və meydandan kənarda heç vaxt bu qədər əziyyət çəkməmişdim. Mən qeyri-mümkün olanı mümkün bir şeyə çevirdim.
Qarşımda yalnız bir məqsədim var idi - komanda yoldaşlarımı və məşqçimi İtaliya çempionu etmək. Çünki onlara söz vermişdim. Bu gün isə mənim yeni çarpaz bağım və başqa bir kubokum var".
İbrahimoviç dünən sol dizindən əməliyyat olunub. O, 7-8 ay oynaya bilməyəcək.
"Milan" geridə qalan mövsüm A seriyasında 86 xalla çempion olub.

