“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandesin “Barselona”ya transferi Kataloniya klubuna ümumilikdə 210 milyon avroya başa gələ bilər.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, “Barselona” ispaniyalı futbolçuya müddəti 4 il olan müqavilə təklif edib.
Rodri bu anlaşmaya əsasən, vergilər çıxıldıqdan sonra mövsümə 15 milyon avro maaş alacaq. Vergilər nəzərə alınmaqla Kataloniya klubu 30 yaşlı futbolçunun maaşına hər mövsüm 34 milyon avro xərcləyəcək.
“Mançester Siti”nin tələb etdiyi 80 milyon avroluq transfer məbləği və agent komissiyaları da əlavə olunduqda, sözləşmənin ümumi dəyəri 210 milyon avroya yüksəlir.
“Mançester Siti” daha əvvəl “Barselona”nın Rodri üçün etdiyi iki təklifi rədd edib.
Müqaviləsinin müddətinin başa çatmasına bir il qalmış futbolçuların aşağı məbləğə transfer edilməsi artıq keçmişdə qalıb. Bu cür son sözləşmələrdən biri Toni Kroosun 2014-cü ildə “Bayern”dən “Real”a keçidi olub.
Almaniyalı sabiq yarımmüdafiəçi Münhen klubundakı müqaviləsinin bitməsinə 12 ay qalmış 20 milyon avroya Madrid təmsilçisinə transfer edilmişdi.
