“Barselona” və PSJ arasında Ferran Torresin transferi ilə bağlı danışıqların bu gün başlaması gözlənilir.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, tərəflər bu həftə ispaniyalı hücumçunun transferini müzakirə edəcəklər.
Torres Kataloniya klubundan ayrılaraq Liqa 1-ə keçmək istədiyini bildirib. Daha əvvəl PSJ-nin 26 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı barədə məlumat yayılmışdı.
PSJ futbolçunun müqaviləsinin müddətinin 2027-ci il iyunun 30-da başa çatacağını nəzərə alaraq, transfer məbləğini aşağı salmağa çalışacaq. Paris klubu bu amilin Ferranın qiymətinin daha münasib olmasına səbəb olduğunu düşünür.
“Barselona” isə futbolçunun komandadan ayrılmasını istəməsə də, artıq bu keçidin reallaşmasını mümkün hesab edir. Kataloniya təmsilçisi ilkin olaraq Torres üçün ən azı 65 milyon avro tələb etməyi planlaşdırır.
Klub son transferlərini tamamlamaq üçün əlavə gəlir əldə etməyə ehtiyac duyur. Bununla belə, “Barselona” danışıqların asan keçməyəcəyini anlayır.
Çünki Ferran artıq PSJ ilə razılığa gəlib. Kataloniyalılar futbolçunun satışından mümkün qədər yüksək məbləğ əldə etməyə çalışacaqlar.
Klub hesab edir ki, transferin qiyməti bu yay hücumçular üçün ödənilən məbləğlərə uyğun olmalıdır.
PSJ isə 65 milyon avro ödəməyi nəzərdən keçirmir. Buna baxmayaraq, Paris klubu danışıqlara başlamaq və prosesin gərginləşməsinin qarşısını almaq üçün ciddi təklif irəli sürməli olduğunu anlayır.
“Barselona”nın idman direktoru Deku ilə PSJ-nin idman müşaviri Luis Kampos arasında münasibətlərin yaxşı olması isə danışıqların sürətlə yekunlaşmasına kömək edə bilər. Tərəflərin transferi bir neçə gün ərzində tamamlaması mümkündür.
Hazırda Ferran Torresin bazar dəyəri 55 milyon avro qiymətləndirilir. PSJ bu məbləğə sabit ödəniş və bonuslardan ibarət təkliflə çata bilər.
“Barselona” da 55 milyon avronun bütün tərəflər üçün ədalətli məbləğ ola biləcəyini anlayır. Kataloniya klubu Ferranı 2022-ci ildə “Mançester Siti”dən məhz 55 milyon avroya transfer etmişdi.
Bu səbəbdən, həmin məbləğin əldə olunması “Barselona”nın futbolçuya yatırdığı sərmayəni geri qaytarmasına imkan verəcək.
