“Barselona”nın prezidenti Xuan Laporta Çempionlar Liqasının 5-ci turunda Frankfurt “Ayntraxt”ı ilə ev oyununu “Kamp Nou”da keçirmək perspektivini şərh edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tezliklə UEFA-nın qərarını alacaqlarını bildirib:
“Tezliklə UEFA-nın qərarını alacağıq və onların tələblərini yerinə yetirmək üçün hər şeyi hazırlayırıq. Bu oyunda həmçinin qonaq azarkeşlər üçün kvota təmin etməliyik.
La Liqa üçün bu zəruri deyil, amma UEFA-ya görə vacibdir. Bu istiqamətdə işləyirik və təsdiqləyirəm ki, “Ayntraxt”la oyunu “Kamp Nou”da keçirmək mümkündür.
Qonaq azarkeşlər üçün kvota təmin edilməsə, bu mümkün olmayacaq, amma mən optimistəm və ümid edirəm ki, oyunu evdə keçirə biləcəyik”.
“Barselona” – “Ayntraxt” matçı dekabrın 9-da keçiriləcək. Frankfurt təmsilçisi, həmçinin “Qarabağ”ın da Çempionlar Liqasındakı rəqiblərindən biridir.

