“Sabah” Çempionlar Liqasının liqa mərhələsində bu gün növbəti sınağına çıxacaq.
Təmsilçimizin rəqibi Avropa futbolunun nəhənglərindən olan Dortmund “Borussiya”sıdır.
Almaniya klubunu xüsusi təqdim etməyə ehtiyac yoxdur. Bu rəqib Azərbaycan futbolsevərlərinə yaxından tanışdır.
Dortmundlular indiyə qədər ölkəmizə iki dəfə səfər edib. Və hər iki halda sevinən tərəf olub.
2010/11 mövsümündə UEFA kubokunun (indiki adı Avropa Liqası) pley-off mərhələsində “Qarabağ”la qarşılaşan almanlar hər iki halda qələbə qazanıb. Almaniyada 4:0 hesabı ilə üstün olub, Bakıda 1:0-a sevinib.
2015/16 mövsümündə “Borussiya”nın yolu bu dəfə “Qəbələ” ilə kəsişib.
Avropa Liqasının qrup mərhələsində mübarizə aparan bölgə təmsilçimiz almanlarla duellərdən qalib ayrıla bilməyib. “Siqnal İduna Park”da 0:4, Bakıda 1:3 hesablı yenilgilər qəbələlilərin əhvalını korlayıb.
Beləliklə, “Borussiya” indiyədək Azərbaycan təmsilçiləri ilə keçirdiyi dörd oyunun hamısında qələbə qazanıb. Almanlar bu matçlarda 12 qol vurub, komandalarımız isə cəmi 1 qola sevinib.
“Sarı-qaralar” səkkiz dəfə Almaniya çempionu olub, beş dəfə ölkə kubokunu qazanıb. Bundan başqa, bir dəfə UEFA Çempionlar Liqasının, bir dəfə isə Kuboklar Kubokunun ən yaxşısı olub.
UEFA-nın klub reytinqində Avropa nəhənglərinin bir neçəsini qabaqlayaraq 11-ci pillədə yer alması da almanların Avropa futbolundakı çəkisini göstərir.
Amma bütün bunlar “Borussiya”nın məğlubedilməz olduğunu deməyə və düşünməyə əsas vermir.
Dortmund təmsilçisinin Çempionlar Liqasındakı son dörd səfər matçında qələbə qazana bilməməsi “Sabah”ı həvəsləndirməlidir.
Almanların “Bodo Qlimt”lə son qarşılaşmaları da diqqət çəkir. Ötən mövsüm Çempionlar Liqasının liqa mərhələsində Almaniyadakı görüş 2:2 hesabı ilə yekunlaşıb. Ötən həftə Nörveçdə reallaşan dueldə isə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.
Bu nəticələr göstərir ki, ağıllı oyun, yüksək fiziki hazırlıq və motivasiya sayəsində Avropa futbolunun tanınmış komandaları ilə matçlarda uğur qazanmaq mümkündür.
Avrokubok təmsilçilərinin ortabablarından sayılan “Bodo Qlimt”in iki oyunda “Borussiya”ya uduzmaması “Sabah”ı ümidləndirə bilər.
Təmsilçimiz Çempionlar Liqasının ikinci turunda “Slaviya”nı 2:0 hesabı ilə məğlub etmişdi.
Halbuki çexlər də əvvəllər Azərbaycan təmsilçiləri - “Şəmkir” və “Karvan”la görüşlərdə üstün olmuşdu. Bir həftə əvvəl “Sabah” Çexiya sindromuna son qoymuşdu.
İndi isə növbə “Borussiya”nındır. Azərbaycan çempionu həm almanların ölkəmizdəki qələbə seriyasını dayandırmağa, həm də Çempionlar Liqasında növbəti sensasiyaya imza atmağa çalışacaq.
Doğma meydan amili, azarkeş dəstəyi, rəqibin yol yorğunluğu və “Slaviya” üzərindəki qələbədən doğan inam vacib rol oynayacaq.
Ümid edək ki, bu dəfə həm bəxt, həm də nəticə “Sabah”ın üzünə güləcək və Dortmund “Borussiya”sının Azərbaycan təmsilçiləri üzərindəki üstünlüyünə son qoyulacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
