“Sabah” bu gün Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununa çıxacaq.
Təmsilçimizin rəqibi “Borussiya Dortmund”dur.
Qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Xavyer Alberola Roxas olacaq.
Yan xətlərdə ona həmyerliləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Qarsiya Verdura yerinə yetirəcək.
1991-ci ildə anadan olan Xavyer Alberola Roxasın hakimlik karyerası təsadüf nəticəsində başlayıb.
O, uşaqlıqdan futbolla maraqlanıb, özü də bu idman növü ilə məşğul olub. Bir gün qardaşının iştirak etdiyi yoldaşlıq oyununa baxmağa gedən Xavyer gözlənilmədən özünü meydanda tapıb.
Qarşılaşmaya təyin olunan hakim stadiona gəlməyib. Oyunu idarə etmək üçün könüllü axtarılsa da, heç kim bu məsuliyyəti üzərinə götürmək istəməyib.
Nəticədə tribunada olan yeniyetmə Xavyer fiti əlinə alaraq meydana ayaq basıb. Bu hadisə onun həyatında dönüş nöqtəsinə çevrilib.
İlk təcrübəsindən sonra hakimliyə marağı artan Alberola Roxas hakim kurslarına yazılıb. Odur ki, cəmi 14 yaşında hakimliyə başlayıb.
İlk vaxtlar həm futbol oynayıb, həm də hakimlik edib. Lakin 19 yaşında seçim qarşısında qalanda, fitdən ayrılmamağa üstünlük verib.
2015-ci ildə İspaniya Sequndasında, 2017-ci ildə isə cəmi 26 yaşında La Liqada debüt edib. 2024-cü ildə isə beynəlxalq hakim statusuna yiyələnib.
İndiyə qədər Çempionar Liqasının təsnifat mərhələsinə təyinat alan referi üçün “Sabah” – “Borussiya Dortmund” matçı tarixə düşəcək. Belə ki, bu, onun bir nömrəli klub turnirinin liqa mərhələsində baş hakim kimi ilk təyinatı olacaq.
İspaniyalı referinin indiyədək Azərbaycan klublarının və milli komandalarımızın iştirakı ilə keçirilən oyunlarda baş hakim, köməkçi hakim və ya VAR hakimi kimi fəaliyyət göstərməyib.
Səbəbkar hakimliklə yanaşı, təhsillə bağlı inkişafına da vaxt ayırıb.
İspaniyalı referi uşaq təhsili və idman fəaliyyəti üzrə peşə hazırlığı keçib. Daha sonra psixologiya üzrə ali təhsil alıb. 2019-cu ildə verdiyi müsahibədə idman psixologiyası üzrə magistr proqramında təhsil aldığını bildirib.
Bu sahəyə marağı təsadüfi deyil. Hakimlər hər oyunda təzyiq, mübahisələr və emosional vəziyyətlərlə üzləşirlər. Psixologiya bilikləri isə belə anlarda soyuqqanlı qalmağa, futbolçularla düzgün ünsiyyət qurmağa və qərarvermə prosesinə kömək edə bilər.
Yeri gəlmişkən, Xavyer 2024/25 mövsümündə La Liqanın ən yaxşı hakimi seçilib.
Beləliklə, psixologiya təhsili almış, mövsümün hakimi seçilmiş ədalət təmsilçisinin Bakıya ilk səfərində nə ilə yadda qalacağı maraqla gözlənilir.
Bakı Olimpiya Stadionunda gerçəkləşəcək “Sabah” - “Borussiya Dortmund” dueli saat 20:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
