“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager “Mançester Yunayted”in üzləşdiyi problemlər barədə danışıb.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, Karrager, böyük məbləğdə transfer xərcləri çəkən, ancaq gözləntiləri doğrultmayan futbolçulara sahib olan klubun uğursuzluqların nəticəsində maliyyə baxımından çətin vəziyyətə düşəcəyini bildirib:
“Klub böyük məbləğdə pul xərcləyir, amma futbolçular gözləntiləri doğrultmamaqda davam edirlər. Komanda Çempionlar Liqasına vəsiqə qazana bilmir, bununla belə, ən yüksək maaş büdcələrindən birinə sahibdir.
Belə olan halda, gec-tez mövsüm ərzində uğur qazanmadan ən çox xərc çəkən kluba çevrilə bilərsən”.
O, “Mançester Yunayted”in uğursuz çıxış edən futbolçulardan yaxa qurtarmaqda da çətinlik çəkdiyini vurğulayıb:
“Komanda uğursuzluqlarla üzləşməkdə davam etdikdə futbolçulardan ayrılmaq çətinləşir.
Onların maaşları yüksəkdir və satılmaları mümkün olmur – heç kim onları transfer etmək istəmir. Bu, qapalı dövrədir”.
“Lids”lə heç-heçədən (1:1) sonra “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
