O, Çempionlar Liqasında ikiqat ilkə imza atan ilk məşqçi oldu

O, Çempionlar Liqasında ikiqat ilkə imza atan ilk məşqçi oldu

Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasında təəccübləndirməkdə davam edir.

Təsnifat mərhələsinin dörd raundunu uğurla adlayaraq liqa mərhələsinə vəsiqə qazanan “bayquşlar” burada da ilk qələbəsini əldə etməyi bacardı.

İlk turda İngiltərədə, əfsanəvi “Old Trafford” stadionunda “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olan “çəhrayı-qaralar” Bakıda 3 xalı bayram etdi.

“Slaviya” (Praqa) ilə qarşılaşmada ağıllı futbol nümayiş etdirən “Sabah” Çempionlar Liqasının liqa mərhələsində ilk tarixi qələbəsini qazandı – 2:0.

Təbii ki, əldə olunan uğurların memarı litvalı baş məşqçi Valdas Dambrauskasdır. Maraqlıdır ki, “Sabah” qazandığı nəticələrlə təkcə Azərbaycan futbolu tarixində ilklərə imza atmır. Komandanın uğurları Dambrauskas üçün də xüsusi əhəmiyyət daşıyır.

Belə ki, litvalı mütəxəssis Çempionlar Liqasının əsas mərhələsində komandasına rəhbərlik edən ilk litvalı baş məşqçi kimi tarixə düşüb.

“Slaviya” üzərində qazanılan qələbə isə onun üçün daha bir tarixi hadisə ilə əlamətdar olub. Dambrauskas Çempionlar Liqasının liqa mərhələsində qələbə qazanan ilk litvalı baş məşqçi kimi adını ölkəsinin futbol tarixinə yazdırıb.

Bu faktı Litva mətbuatı ilə yanaşı UEFA-nın rəsmi saytı da xüsusi şəkildə təqdim etməkdədir.

Əldə olunan zəfərə görə “Sabah”ı təbrik etməklə yanaşı, bu uğurlarda böyük pay sahibi olan Valdas Dambrauskası da xüsusi qeyd etmək lazımdır.

Arzu edək ki, “bayquşlar”ın uğurlu çıxışı davam edəcək və Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ilk litvalı baş məşqçi olmaq şərəfi də məhz Valdas Dambrauskasa nəsib olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti