Son Azərbaycan çempionu "Sabah" bu gün UEFA Çempionlar Liqasının 3-cü turunda "Borussiya" ilə qarşılaşır.
Sportinfo.az xəbər verir ki, Dortmund təmsilçisi dünya futboluna sadiq azarkeşləri ilə tanınır.
Yaxşı və çətin günündə olmalarına baxmayaraq, fanatları daim 81 min tamaşaçı tutumu olan "Signal Iduna Park"ı doldururlar.
"Borussiya" Dortmund azarkeşləri Almaniya və Avropa futbolunda ən coşqulu və tanınmış azarkeş kütlələrindən biri hesab olunur.
Onları fərqləndirən əsas cəhətlər komandaya bağlılıqları, möhtəşəm stadion atmosferi və sarı-qara rənglərə olan sevgiləridir.
Dortmund azarkeşlərinin ən məşhur simvolu “Die Gelbe Wand”, yəni “Sarı divar” adlanan tribunadır. "Signal Iduna Park" stadionunun cənub tribunasıdır.
Təxminən 25 min azarkeş ayaqüstə bu tribunada komandanı dəstəkləyə bilir. Matç zamanı minlərlə insan eyni anda mahnılar oxuyur, bayraqlar yellədir və şüarlar səsləndirir.
Xüsusilə Avropa oyunlarında bu tribunanın görüntüsü futbolun ən yaddaqalan mənzərələrindən birinə çevrilir.
Bu gün biz “Sarı divar”ı hörənlərin - yəni "Borussiya" fanatlarının səsini Bakıda da eşidə biləcəyik. "Sabah"dan verilən xəbərə görə, qonaq komandaya 3675 nəfərlik yer ayrılıb, 1715 bilet isə artıq satılıb.
Dortmund azarkeşləri Bakı Olimpiya Stadionunda 308 və 309-cu sektorlarda yerləşəcəklər.
"Sabah" - "Borussiya" matçı bu gün Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
İki turdan sonra hər iki komandanın 3 xalı var. Qol fərqinə görə, "Sabah" 22-ci, "Borussiya" isə 18-ci pillədə qərarlaşıb (qol.az).
