“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqanın 13-cü turunda “Vest Hem”lə (2:0) qarşılaşmada Məhəmməd Salahın ehtiyatda qalmasına münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı start heyətində yer almayan oyunçunun narazı qalmasının təbii olduğunu söyləyib:
“Əlbəttə, oynamayan futbolçu narazı olur. Amma onu deyə bilərəm ki, start heyətində çıxmayan tək o deyildi. Bu, normal haldır.
Salah peşəkardan gözlədiyimiz kimi davrandı. Komanda yoldaşlarını dəstəklədi, gün ərzində və dünənki məşqdə özünü əla apardı.
Hər üç gündən bir oynamaq və yüksək səviyyədə qalmaq mümkün deyil. O, çox intizamlıdır, formda qalmaq üçün nə etməli olduğunu bilir.
İstər yaxşı oynasın, istər zəif – o, həmişə ən yüksək səviyyədə peşəkar olacaq. Son iki gündə də bu, bir daha göründü”.
Salah bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Onun komandası “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

