Azərbaycan millisinin baş məşqçisi: “Mənə deyirdilər ki, uşaqlardan pul yığ”

19 Yanvar 2023 17:40 Futzal 472
Azərbaycan millisinin baş məşqçisi: “Mənə deyirdilər ki, uşaqlardan pul yığ”

Azərbaycan futzal millisinin sabiq kapitanı, hazırda isə U-19 yığmasının baş məşqçisi vəzifəsində çalışan Ağatahir Əzimov federasiyanın rəsmi saytına müsahibə verib.

Sportinfo.az həmin müsahibəni təqdim edir.

- Futzalçı karyeranı vərəqləyəndə ən çox hansı oyunu xatırlayırsan?
- Bir yox, bir neçə oyun olub ki, xatırlamamaq mümkün deyil. 1998-ci ildə Belçikanı sona 12 saniyə qalmış 4:3 hesabı ilə udurduq. Hakim əlehimizə o qədər qərarlar verdi ki…Təsəvvür edin, bir hissədə qapımıza 8 dəfə 12 metrlik (həmin vaxt 10 yox, 12 metrdən vurulurdu), 2 dəfə 6 metrlik cərimə zərbə təyin etmişdi. Özümüz də oyuna baş məşqçisiz getmişdik və 4 qoldan 3-nü mən vurmuşdum. Sona 12 saniyə qalmış onlar hesabı bərabərləşdirdilər və nəticədə biz vəsiqə qazana bilmədik. Həmin vaxt seçmə mərhələnin qalibi həm dünya, həm də Avropa çempionatının final mərhələsinə yüksəlirdi. Heyif ki, Qvatemalada təşkil olunan mundialda iştirakı son 12 saniyədə qaçırdıq. Ümumiyyətlə, həmin vaxt ancaq qrup qalibləri final mərhələsinə vəsiqə qazanırdı. Bu hüququ da adətən qrup oyunlarına ev sahibliyi edənlər əldə edirdi. Biz əksər hallarda qrupda ikinci yeri tuturduq. Həm də reytinq cədvəlində aşağı pillələrdə qərarlaşdığımıza görə, mübarizəyə ilkin mərhələdən start verirdik. Tədricən xallar yığa-yığa dördüncü səbətdən ikinci səbətə yüksəldik. 2010-cu ildən başlayaraq isə seçmə mərhələni ikinci pillədə başa vuran komandalar da AÇ-nin həlledici mərhələsinə yüksəldilər. UEFA kubokunda isə ilk dəfə “Turan AİR”lə təmsil olunmuşuq. Həmin vaxt Ermənistan çempionu “Araks”la bir qrupda yer almışdıq. İlk dəfə idi ki, komanda idman növündə onlarla qarşılaşırdıq. 5:3 hesablı qələbə qazandığımız görüşdə 2 qol vurdum. Bir də milli komanda ilə DÇ-2008-in seçmə oyununda erməniləri 9:1 hesabı ilə darmadağın etdiyimiz qarşılaşmanı qeyd edərdim.

- Kimlərlə meydanda daha yaxşı anlaşırdın və ya əksinə, kimlərlə sözün, oyunun uyğun gəlmirdi?
- 1994-cü ildən futzal oynamağa başladım. 1995-ci ildə “Neftçi”də olanda baş məşqçimiz Fazil Qarayev idi. Rüfət Məmmədov, İbrahim Həsənov, Vahid Həmişov və mən bir “dördlük”də yer alırdıq. 1998-ci ildə “Azneftyanacaq”da oynayanda Mahir və Nürəddin Eyniyevlərlə, millidə Allahverdi Babayev, Natiq Məmmədkərimovla oynamaq çox rahat idi. Bizim dövrdə futzal elə də inkişaf etməmişdi, bu qədər standart vəziyyətlər yox idi. Özümüz oyun gedə-gedə bir-birimizə deyirdik ki, sən ora qaç, ötürməni bura ver və qol vururduq. Yəni futzal indi taktiki və “ev tapşırıqları” baxımından çox inkişaf edib. Oyunumuz alınmayan futzalçılar da var idi. Rəşadət Allahverdiyev var idi, yaxşı futzalçı idi, sadəcə bir-birimizi başa düşə bilmirdik. Ona görə də onunla mən fərqli “dördlük”də çıxış edirdik.

"Deyirdilər məşqə gələn uşaqlardan pul yığ"
- Bildiyimiz qədəri ilə güləşçi olmusan. Güləşçi Agatahir Əzimov sonra fikrini niyə dəyişdi və futzalçı oldu?

- 13 il güləşlə məşğul olmuşam. Futzala 20 yaşımda gəlmişəm. Bir dəfə 44 saylı məktəbin həyətində məhəllə-məhəlləyə futbol oynayırdıq. Rəhmətlik Oqtay Heybətov məni və qardaşımı futbol məşqlərinə dəvət etdi, yoxladı, dedi, futbola keçin, sizə maaş veriləcək. Həmin vaxt güləş müəllimi işləyirdim. Təsəvvür edin, 54 tələbəm var idi, ayda 2 dollar maaş yazırdılar, heç onu da almırdım. Çünki o pulla dolanmaq mümkün deyildi. Deyirdilər ki, məşqə gələn uşaqlardan pul yığ, denən, qurum özü-özünü maliyyələşdirir. Mən də yığmırdım, havayı işləyirdim. Oqtay müəllimin təklifini də qardaşıma görə dəyərləndirdim. Onun təkidi ilə getdik futbola və o vaxtda oldum futzalçı.

- Güləşlə məşğul olmağın futzalda nə kimi müsbət və mənfi təsirini gördün?
- Fiziki baxımdan bütün oyunçulardan ikibaş üstün idim. Düzdür, futzalı başlanğıcda təcrübəlilərdən zəif oynayırdım. Amma gücüm çox idi. Təsəvvür edin, “stolb” oynayan zaman rəqibin iki futzalçısı məni yerimdən tərpədə bilmirdi. Zərbəm o qədər güclü idi ki, hər oyunda bir neçə qol vururdum, amma təcrübəlilərin də dediklərinə qulaq asır, tətbiq edəndə də görürdüm ki, nəticə yaxşıdır. Belə-belə artırdım.

- Heç olubmu deyəsiniz ki, kaş güləşdə qalaydım, orada daha yaxşı nəticə verə bilərdim?
- Güləşlə məşğul olduğum illər SSRİ dövrünə düşürdü. SSRİ birinciliyinə düşmək üçün də o qədər mərhələ adlamalı idin ki…Əgər Azərbaycan adından yarışmaq imkanımız olsaydı, uğur qazanmaq qaçılmazdı. Yəni indi Azərbaycan çempionu olmaqla millinin heyətinə düşür, dünya, Avropa çempionatına yollanmaq imkanı qazanırsan. Bizim vaxtımızda situasiya, şərait bu cür olsaydı, Azərbaycan adına daha çox faydam dəyərdi. Pis güləşmirdim. Sadəcə, futzala gəldim, burada həm oyunum alındı, həm də normal pul qazandım. Ona görə də qaldım futzalda, daha güləş haqda düşünmədim.

"Siyahıda ilk pilləni o tuturdu"
- Sən oynayan vaxt yerli və özünü yaxşı tərəfdən göstərən futzalcılar çox idi. Belədə seçilmək, milli komandaya qədər yüksəlmək və kapitan seçilmək çətin olmadı?

- Biz yeni-yeni başlayan vaxt həqiqətən də yerli oyunçular arasında güclülər çox idi. Seçim üçün baş məşqçi 30-a yaxın futzalçı dəvət edirdi. Onlardan 4-5 nəfəri var idi ki, bilirdin ki, bunlar dəqiq heyətdə yer alacaqlar. Qalan 6-7 yer üçün rəqabət aparırdıq. Həmin vaxt milliyə cəmi 12 nəfərlik yer verirdilər. Yer az olduğuna görə, güclü oyunçuların bir neçəsi kənarda qalırdı. Kapitanlığa gəldikdə, İbrahim Həsənov, Mahir Eyniyev kimi oyunçular məndən əvvəl sarğını daşıyıb. Onlardan sonra kapitan mən oldum.

- Eşitdiyimizə görə kapitanı komanda üzvləri səsvermə yolu ilə seçirdilər. Buna görə də bir neçə qruplaşma yaranmışdı...
- Doğrudur, kapitanı heyət üzvləri seçirdi. Bir-iki nəfər var idi, öz təbliğatını aparırdı, ona səs verməklərini xahiş edirdi. Çalışmışam, hər şey ədalətli olsun. Heç vaxt kiməsə deməmişəm ki, məni kapitan seç. Bir dəfə kapitanlıqla bağlı o qədər söz-söhbət oldu ki, axırda uşaqlar sözləşdi ki, gəlin zarafata heyətimizdə olan ən gənc futzalçının adını yazaq. Fazil Qarayev kağızları oxuduca gördü ki, hamı 18-19 yaşlı Calal Məmmədova səs verib.

- Qüvvətli zərbələrinizdən danışdınız. Sizi dayandıran müdafiəçi, zərbənizi dəf edən qapıçı olmayıb?
- Futzala yeni gələndə oyunları yüngül toplarla (№4) oynayırdıq. Güclü oyun oynamırdım, amma zərbələrim çox qüvvətli idi, top havada olanda trayektoriyasını dəyişirdi deyə, reaksiya göstərmək qapıçılar üçün çətin olurdu. 1995-ci ildən topları dəyişdirdilər, indiki ağır toplarla oynadıq. Güclü qapılarımız var idi, amma mənə görə bu siyahıda ilk pilləni uzun müddət millinin də qapısını qorumuş Rauf Hüseynov tuturdu. Müdafiəçilərdən Nürəddin Eyniyevi, İlqar Aslanovu, Nəsimi Nuriyevi keçməkdə çətinlik çəkirdim. Zərbələrim güclü olduğuna görə, çox vaxt onları keçməyə ehtiyac olmurdu, uzaqdan zərbə endirirdim. Ona görə də iştirak etdiyim turnirlərin əksəriyyətində adətən bombardir olurdum.

Xəbər Lenti