Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

7 Aprel 23:10 Bizimkilər 186
Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Sportinfo.az xəbər verir ki, Türkiyəyə səfəri çərçivəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanla görüş keçirib.

Ombudsman Aparatından verilən məlumata görə, S.Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun 13.2.8-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək səlahiyyəti barədə məlumat verib.

Fəaliyyət dövrü ərzində Ombudsman tərəfindən müxtəlif normativ aktlarla bağlı Konstitusiya Məhkəməsinə sorğular göndərildiyi diqqətə çatdırılıb.

S.Əliyeva təsisata daxil olan müraciətlərin qəbulu və baxılması proseduru haqqında məlumat verib, ötən il Ombudsmana 27 500 müraciət edildiyini bildirib. Görüşdə S.Əliyeva təsisatın dörd regional mərkəzinin fəaliyyət göstərdiyi barədə də məlumat verib.

S.Əliyeva Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin verilməməsinin hazırda ölkəmiz üçün yaratdığı təhlükə ilə bağlı narahatlığı da diqqətə çatdırıb.

Z.Arslan çıxışında 44 günlük müharibədə qazanılmış Zəfərlə münasibətilə qardaş ölkəyə öz təbriklərini çatdırıb. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bir çox sahələri əhatə edən əməkdaşlıqda insan hüquq və azadlıqlarının müdafiə edilməsinin xüsusi önəmə malik olduğunu qeyd edib.

Görüşdə iştirak edən Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycana son səfəri zamanı ölkə Prezidenti İlham Əliyevin onu qəbul etməsi, Gəncədə həyata keçirdiyi faktaraşdırıcı missiya barədə məlumat verib.

Ş.Malkoç həmin səfərin yekunları əsasında türk və ingilis dillərində hazırlanmış hesabatı Z.Arslana təqdim edib, hesabatın Türkiyədəki 114 səfirlik və diplomatik missiyaya, habelə ümumilikdə 167 ombudsman və milli insan hüquqları təsisatı, beynəlxalq insan hüquqları təşkilatı və digər qurumlara göndərildiyini qeyd edib.

Yekunda gələcəkdə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə təcrübə mübadiləsi aparılması haqqında müzakirə aparılıb və tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü
21 Aprel 22:00 32-ci dəfə çempion