"O, "Neftçi"dən əl çəkməyincə, klub düzələn deyil"

13 Noyabr 2020 09:40 Azərbaycan Futbolu 1 744
"O, "Neftçi"dən əl çəkməyincə, klub düzələn deyil"

"Neftçi"də gözlənilən ayrılıq baş tutdu.

Uğursuz nəticələrə rəğmən, baş məşqçi Füzuli Məmmədov istefa verməsə də, klub onu yola saldı.

Gec də olsa, rəhbərlik Məmmədovun heç bir perespektiv vəd etmədiyini başa düşdü. "Qarabağ"la derbi səbr kasasını daşırdı.

0:6 hesablı məğlubiyyət gənc çalışdırıcının sonunu gətirdi. Tək onun deyil amma. Eyni zamanda, idman direktoru Ceyhun Sultanovla da yollar ayrıldı.

Prezident Kamran Quliyev isə hələ də vəzifəsində qalacaq. Nə vaxta kimi? Onu zaman göstərər. Artıq paytaxt təmsilçisinin yeni baş məşqçisi də məlumdur.

Bu, ötən mövsümün əvvəlində "Zirə"dən qovulandan sonra işsiz qalan Samir Abasovdur. Görəsən, bu dəyişiklər komandanı uğursuzluqdan çıxaracaqmı?

Ümumiyyətlə, Samir Abasovla hansı gələcəyə ümid etmək olar? Sportinfo.az bu suallara cavab tapmaq üçün idman mətbuatının tanınan imzalarından bir neçəsinin fikirlərini öyrənib.

Anar Xanlarov (rekord.az): "İstefalar "Qarabağ"a 0-6 hesablı məğlubiyyətdən sonra baş tutdu. Mənim fikrimicə bir qədər dərinə gedəndə 0-6 hesablı məğlubiyyəti nə Füzuli Məmmədovla bağlamaq olar, nə də Ceyhun Sultanovla. "Neftçi"də problem tamam başqadır. İndi Samir Abasov gəlib. Onun işsiz qalmasını mən də istəmirdim. Bir yandan sevinirəm ki, onun kimi bacarığı, potensialı olan bir baş məşqçi yenidən iş başına qayıdır. Samir müəllim öz dəsti xəttini qoyacaq. Buna şübhəm yoxdur. Ona uğurlar arzulayıram. Amma qısa və konkret olaraq "Neftçi" əgər çempion olmaq istəyirsə, AFFA-nın və şəxsən Elxan Məmmədovun nəzarətindən çıxmalıdır. Nə qədər ki, "Neftçi"yə AFFA və konkret olaraq Elxan Məmmədov nəzarət edəcəksə, sən bura lap Qvardiolanı, Maurinyonu da gətirsən indiki şərtlər altında və "Qarabağ"ın hazırkı mövcudluğu müddətində "Neftçi" çempion ola bilməyəcək".

Vusal Mahmudov (futbolinfo.az): "Füzuli Məmmədovun işi o qədər bərbad idi ki, onu əvəz edən istənilən məşqçi daha yaxşı olacaq. Samir Abasovla "Neftçi"nin çempion olacağına inanmıram, amma komandanın daha yaxşı oynayacağı dəqiqdir. Gedənlər heç nə itirmədi, itirən "Neftçi" oldu. Ümid edək ki, bundan sonra hər şey qaydasına düşəcək. Amma doğrusu, qısa zamanda bütün problemlərin həlli mümkünsüzdür".

Rəşad Ergün (komanda.az): "Neftçi"də son illərdə neçə baş məşqçi dəyişib, artıq sayını itirmişik. Nəticə nə olub? Avrokuboklarda fiasko, Azərbaycan Premyer Liqasında "Qarabağ"ın hegemonluğuna boyun əymək. "Qarabağ" Türkiyəyə səfər edir, Avropa Liqası matçına çıxır, yol yorğunluğu, iki "cəbhə"də mübarizə aparmağın psixoloji təsiri, amma gəlir "Neftçi"yə 6 qol vurur. Bu, bilirsiz, nə deməkdir? Rüsvayçılıq! Samir Abasov "Neftçi"də nəyi dəyişəcək? Heç nə, uzağı, gələn dəfə komanda "Qarabağ"a 0:6 yox, daha abırlı hesabla uduzacaq. Klubda rəhbərlik dəyişməlidir. Ceyhun Sultanov "Neftçi" üçün bir bəla idi. Ondan daha böyük bəla Kamran Quliyevdir. Elxan Məmmədovun bir gecənin içində "Neftçi"yə prezident təyin etdiyi adamdan yaxşı heç nə gözləmək olmaz. Bu adam "Neftçi"nin sıradan bir kluba çevrilməsi üçün əlindən gələni etdi, etməyə də davam edir. Kamran Quliyev, dolayısı ilə Elxan Məmmədov "Neftçi"dən əl çəkməyincə, bu komanda düzələn deyil".

Tahir Hümmətov (apasport.az): "Onların indi göndərilməsi gözlənilməz oldu. Düzdür, “Qarabağ”a 0:6 hesablı məğlubiyyətdən sonra bu addım labüd idi. Amma “Neftçi” rəhbərliyinin Ceyhun Sultanovdan üz döndərməsi, Füzuli Məmmədova verilən sözün yerinə yetirilməməsi bəlkə də adi qarşılanmalıdır. Baş məşqçinin gedişi biabırçı nəticə ilə əlaqəlidirsə, idman direktorunun ayrılmağı klubda problemlərin olmasına işarədir. Hər halda prezident Kamran Quliyevlə Sultanovun arasından su sızmırdı. Görünür, hansısa məsələlərdə fikir ayrılıqları yaranıb ki, klubda futbolu ən yaxşı bilənlərdən biri ”ofsayd”a düşüb. Ümumiyyətlə, son illər “Neftçi”nin uğursuz çıxışının kökündə baş məşqçi və futbolçudan daha böyük problemlər durur. Fikrimcə, Samir Abasovun gəlişi də nəyisə ciddi dəyişməyəcək. Çünki futbolda kənar müdaxilələr istənilən halda uğurun önündə duran ən böyük maneədir".

Xanoğlan İmanov

Xəbər Lenti