"İndi klub prezidenti kimi qapı-qapı düşüb pul toplayıram"

2 Avqust 2020 16:20 Azərbaycan Futbolu 1 510
"İndi klub prezidenti kimi qapı-qapı düşüb pul toplayıram"

Region Liqası təmsilçisi “Energetik”də ciddi maliyyə problemlərinin olduğunu xəbər vermişdik.

hazırda klubun gələcək fəaliyyəti belə sual altındadır.

Mingəçevir təmsilçisinin növbəti mövsüm Region Liqasında çıxış edib-etməyəcəyi hələ də bilinmir. Bir müddət klubu maliyyələşdirən “Azenco” iki ildi dəstəyi dayandırıb. Şirkət hətta bir ildən çoxdu “Energetik”in üzvlərini ştatdan çıxarıb və həmin şəxslərə çatmalı olan təzminatı vermir.

Mingəçevir təmsilçisinin düşərgəsində yaşanan problemlərlə bağlı klubun prezidenti Ruslan Həmidovla danışmağı lazım bildik.

“Energetik”dəki çatışmazlıqlara görə ürəyi dolu olan həmsöhbətimiz komandanın gələcəyindən, problemlərin həlli yolundan, AFFA-ya maliyyə dəstəyi üçün müraciətin olub-olmamasından danışdı (Futbol+).

- “Azenco” komandanın üzvlərinə olan borcları hansı səbəbə görə ödəmir?
- Əslində burda o qədər də problemli məsələ yoxdu. Vallah-billah, bilmirəm ki, niyə bir ildi pullar ödənilmir? Maliyyəni dayandırandan sonra şirkətdə ştatda olan işçilərin hamısını uzaqlaşdırdılar. Buna görə hamıya ödənişlər edilməliydi, amma hələ də vermirlər. O qədər də çox pul deyil, 3 min manata yaxındı.

- Şirkətdən kimləsə bu haqda danışmısız?
- Ötən il media bu məsələni işıqlandırdı. Şirkətin baş mühasibi Ələsgər Məmmədəliyev açıqlama vermişdi ki, 4-5 gün ərzində problem həll ediləcək. Hələ də bu 4-5 gün bitmək bilmir. Bu yaxınlarda Ələsgər bəyə zəng etmişdim. Mənə dedi ki, işdən çıxmışam, bu işlərlə məşğul olmuram. İndi heç bilmirəm, kimlə danışım, kimə müraciət edim. Qalmışıq pis vəziyyətdə.

- Komandada ümumi vəziyyət necədi?
- Yenidən Region Liqasında iştirak etmək istəyirik. Amma pulumuz yoxdu. Bu çempionatda uğurlu çıxış etmək üçün bizə aylıq 8-10 min manat lazımdı. Bu maliyyə olacağı təqdirdə turnirin ən yaxşılarından biri ola bilərik. İki ildi komandanın üzvləri pulsuz oynayırlar. Hər şeyi götür-qoy eləmişəm. Komandaya dəstək olmaları üçün müraciət etdiyim üç yerli şirkət var. Ölkədə koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimi səbəbindən onlarla görüşə bilmirəm. Avqustun 5-də karantin rejimi ləğv olunsa, Bakıya gedəcəm. O zaman şirkətlərin rəhbərləri ilə söhbətimiz baş tutacaq.

- Həmin şirkətlərin adlarını açıqlaya bilərsiz?
- Hələ ki ortada heç nə yoxdu. Ad çəkməyim doğru olmaz. Çünki onlarla, sadəcə, şifahi danışmışıq. Rayonlara gediş-gəliş mümkün olandan sonra görüşüb, məsələni konkretləşdirməyə çalışacağıq.

- Danışıqların məğzi nə olacaq? Konkret hansısa biri sizi maliyyələşdirmək istəyir?
- Şirkətlərin hər üçü dövlət qurumudu. Maliyyələşdirməyə söz vermirlər, amma “Energetik”ə hansısa formada dəstək vermələrini xahiş edəcəm. Onların dəstəyi sayəsində Region Liqasında iştirak üçün maliyyənin əldə edə bilərik.

- Deyilənə görə, Mingəçevir sakinləri və kiçik şirkətlərin sayəsində səfər oyunlarına gedib-gələ bilirsiz...
- Şəhərimiz bu komandanı öz doğması kimi qəbul edib. Camaat arasında yığılan pullar sayəsində ayaqda qala bilirik. Üç kiçik şirkət var. Hamısı da dostlarımındı. Arada görüşürük. Qanıqara otururam, soruşurlar ki, Ruslan, nə olub? Deyirəm, stadionun pulunu verməliyəm. Hərəsi 200 manat verir ki, get, problemi həll et. Mən də gətirib 400 manatı stadion üçün verirəm, 200 manatı da təcili yardım, polis, kommunal xərclərə xərcləyirəm. Bəzən səfərlərə getmək üçün normal pulumuz olmur. Özümüzlə yemək götürürük.

- Bəlkə şəhər camaatının bu addımını təşkilatlandırasız? Onda Mingəçevirdə olan başqa kiçik sahibkarlar, şirkətlər də sizə dəstək olarlar...
- Buna bir dəfə cəhd elədik. Hətta bankda hesab da açdıq. Amma fayda vermədi. Mənim balaca obyektim var. Çayxanadı, arendaya vermişəm, ailəmi dolandırıram. Ordan gələn qazancımın bir hissəsini də komanda üçün xərcləyirəm. Dediyiniz təşəbbüsü irəli sürdük, amma alınmadı. Çünki mən sahibkar olaraq komanda üçün ildə 400 manat verə bilirəmsə, sadə vətəndaş necə yardım göstərsin? Alınmır. Arada “Playstation” salonunda dost-tanışla toplaşırıq, futboldan danışırıq. Sağ olsunlar, toplaşıb 50-60 manat verirlər ki, komanda üçün xərcləyərsən. Camaat ancaq belə kömək ola bilir. Həmin pul heç səfərə gedəndə yemək xərci belə etmir.

- Vəziyyət bu qədər pisdisə, komanda kimi fəaliyyət göstərməyin mənası nədi?
- Mən futbolçu olmuşam. Futbolla nəfəs alıram, futbolla böyümüşəm. Mənim kimi mingəçevirlilərin çoxu üçün futbol əsas əyləncədi. Əvvəllər “Azərenerji” və “Azenco” klubu maliyyələşdirəndə vəziyyət yaxşı idi. Heç olmasa, adambaşına aylıq 250 manat maaş alırdıq. İndi iki ildi problemlər yaşayırıq. Bir dəfə yığışdıq ki, bəs nə edək? Futbolçular, məşqçilər pulsuz oynamağa, mübarizə aparmağa razı oldular. Çünki şəhərimizin futbolsuz qalmasını istəmədilər. Futbolçu olanda “Energetik” mənə çörək verib, bunu unuda bilmərəm. İndi bu komanda üçün prezident olaraq qapı-qapı düşüb pul tapmaq mənim mənəvi borcumdu.

- Bu vəziyyətdən çıxmağın bir yolu varmı?
- Əlbəttə! “Azərenerji” komandanı yenidən maliyyələşdirməlidi. Başqa çıxış yolu yoxdu. Şirkətin rəhbəri Balababa Rzayevlə görüşmüşəm. Yeni təyin olunanda qəbuluna düşdüm. O vaxt Mingəçevirdə problem olmuşdu. Balababa Rzayev mənə “Energetik”in məsələsini 1 ildən tez həll edə bilməyəcəyini söyləmişdi. Özünün təyinatı üzrə işlərini yerinə yetirməli idi. Sağ olsun, “Azərenerji”dəki bütün məsələləri layiqincə həll etdi. Karantin rejimi bitəndən sonra onunla yenidən görüşməyi planlaşdırıram. Görək, istəyimizi həyata keçirəcəklərmi?

- “Azərenerji”dən tələbiniz nədi?
- Komandada 27 nəfər var. Onların hamısını şirkətə götürsünlər. Hamıya maksimum 400 manat maaş verilsin. “Energetik”in səfər xərcləri qarşılansın, stadionun icarəsi verilsin, təcili yardım, polis təmin olunsun və kommunal xərclər ödənilsin. İnanın mənə, bu şərtlərlə 2 ilə premyer-liqa səviyyəsində komanda formalaşdıraram. Bu dediklərim “Azərenerji” kimi şirkət üçün o qədər də böyük problem ola bilməz. Sadəcə, indi pandemiya dövrüdü deyə, heç nə etmək olmur. “Azərenerji” komandaya iki dəfə sponsorluq edib. Hər ikisində də komanda nəticə verib. 1995-ci ildə “Kür-Nur” adı ilə fəaliyyət göstərəndə Azərbaycan kubokunun finalına vəsiqə qazanmışıq. “Energetik” fəaliyyətə başlayanda isə 2004/05 mövsümündə ikinci pillədə qərarlaşmışdıq. Həmin il AFFA bizə təklif etdi ki, gəlin əsas liqada iştirak edin, amma maliyyə problemimiz olduğundan alınmadı. Yəni bu komanda normal pulla yaxşı nəticə əldə edir. Sadəcə, “Energetik”ə diqqət və qayğı lazımdı.

- “Azərenerji” təklifinizi qəbul etdikdən sonra sizin prezident olmağınızı istəməsələr, necə?
- Vallah, mən savadlı biri deyiləm, 5-ci sinfə kimi oxumuşam. Futbolçu olmuşam. İndi gedib fəhlə işləyə bilmərəm. Vəzifədə də gözüm yoxdu. Gəlib komandanı götürsünlər, gün işığına çıxarsınlar. Mənə balaca bir iş versinlər. Bu qədər vaxtdı “Energetik” üçün can qoyuram. Məncə, bunu dəyərləndirərlər. “Azərenerji” klubun sponsoru olsun, mən prezident olmasam da, olar. Təki şəhərimizdə düz-əməlli komanda fəaliyyət göstərsin.

- Çox komandalar görmüşük ki, böyük şirkət himayəsinə götürüb. 5-10 il uğurlu çıxış ediblər. Sonra şirkətdə problem olan kimi klub fəaliyyətini dayandırıb. “Energetik” də bu nümunədən istifadə etmək istəyir?
- Baxın, Mingəçevirdə “Azərenerji”dən böyük şirkət yoxdu. Onlar bizi himayəyə götürsələr, çox iş görə bilərik. Məsələn, hazırda otellərdən biri “Energetik”ə ayda 200 manat maliyyə yardımı ayırır. Mən yalvar-yaxır onları buna razı salmışam. Sabah “Azərenerji” bizə dəstək olandan sonra həmin otellərə deyə biləcəm ki, gəlin bu qiymətlə razılaşaq, əməkdaşlıq edək. Bizim futbolçular 2 ildi pulsuz mübarizə aparırlar. Region Liqasında bir dəfə final oynamışıq, bir dəfə də yarımfinalda büdrəmişik. Mingəçevirdən Bakıya 3 min azarkeş aparmışıq. Komanda daha yaxşı çıxış edəndə azarkeşlər stadionu dolduracaq. Bundan sonra bizimlə digər kiçik şirkətlər əməkdaşlığa can atacaqlar. “Azərenerji” də olacaq əsas sponsorumuz.

- Komandanı bu vəziyyətdən çıxarmaq üçün dövlət rəsmilərindən kiməsə müraciət etmisiz?
- Prezidentə məktub yazmışam. Millət vəkilləri Əli Hüseynli və Aydın Mirzəzadə ilə dəfələrlə görüşmüşük. Hər ikisi də pandemiyadan sonra kömək edə biləcəklərini deyiblər.

- AFFA-ya kömək üçün müraciət etmisiz?
- AFFA bizə kifayət qədər dəstək olur. Top, forma və başqa ləvazimatlarla təmin edirlər. Maliyyə baxımından kömək etməsələr də, bu cür şeyləri həll edirlər. Vallah, hamı AFFA-nı pisləyir, amma federasiya komandalara dəstək olur. Ad çəkməyəcəm, oyunlarımızın birində çempionatın təşkilatçılarından biri yaxınlaşıb, 200 manat pul verdi ki, komandanın yemək xərcini ödə. Bəlkə də o, öz cibindən pulu verdi. Amma bu, bizim üçün böyük bir şey idi. Buna görə də federasiyadan razıyam. Əllərindən gələn köməyi hər dəfə edirlər.

Digər Xəbərlər
Xəbər Lenti