“Bizi izləyən "Neftçi” idi, onlara da Bakıda 5 top vurmuşduq”

29 May 2020 00:42 Azərbaycan Futbolu 889
“Bizi izləyən "Neftçi” idi, onlara da Bakıda 5 top vurmuşduq”

Sportinfo.az xəbər verir ki, pandemiya üzündən idman yarışları kimi, iclas və görüşlər də təxirə salınıb.

Artıq xeyli vaxtdı ki, ölkə futbolunda bir çox məsələlər qaranlıq qalıb, müzakirələrə imkan yoxdur.

Lakin bu susqunluq mayın 22-də AFFA İcraiyyə Komitəsi üzvlərinin telefon danışığı və həmin danışıqdan sonra qəbul olunan qərarlar ilə pozuldu.

Ən diqqətçəkəni uşaq liqaları ilə bağlı verilən qərar oldu: “Koronavirus pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılsın. Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunsun”.

Məlum qərardan sonra yuxarıdakı adları göstərilən komandaların məşqçi və futbolçu heyətinin sevinci yerə-göyə sığmır, təbrikləri qəbul edirlər. Nisbətən böyüklərin yarışında, yəni U-15-dən yuxarı liqalarda gərgin mübarizə müşahidə olunurdu.

U-15 liqasında “Qəbələ”nin müvafiq yaş qrupundan ibarət komandası qalib elan olundu. Bölgə təmsilçisinin gəncləri ikinci pillədə qərarlaşan “Neftçi”ni 6 xal qabaqlamaqla “qızıl” sevinci yaşadılar. Üstəlik, bakılılarla müqayisədə qəbələlilər 1 oyun az, yəni 16 matç keçirmişdi. Yəni ehtiyatda olan görüşü də nəzərə alsaq, “qırmızı-qaralar”ın çempionluq şansı yüksək qiymətləndirilirdi.

Elə U-16-nın sevinən futbolçuları da “Qəbələ”nindi. Həm də oxşar vəziyyətdi, yəni orda da arxadan gələn rəqib “Neftçi” idi. Sadəcə, U-15-dən fərqli U-16-dakı mübarizə daha çətin görünürdü. “Qəbələ” ilə “Neftçi”nin oyun sayı bərabər, xal fərqi isə cəmi 5 idi.

U-17-lərin ən yaxşısı “Sabah” oldu. İnsaf naminə qeyd etməliyik ki, ən gərgin və yekunu maraqla gözlənilən liqa elə bu idi. Təsəvvür edin, “tələbələr” 18 oyundan sonra 43, ikinci pillədəki “Zirə” 36, “Keşlə”, “Tufan” və “Sumqayıt” 34 xal toplamışdı. Yəni 8 tur qalmasına baxmayaraq, 1-ci və 5-ci yerlər arasında cəmi 9 xallıq fərq müşahidə olunurdu.

İcraiyyə Komitəsinin məlum qərarı necə qarşılanıb? Çempion məşqçilər bunu başqalarına münasibətdə ədalətsizlik hesab etmirlər ki? Ümumiyyətlə, üzü gülən müətəxəssislərin uğurla bağlı düşüncələri necədi? Oxuyaq...

Ülfət Mədətov, “Qəbələ” (U-15): “Səmimiyyətimə inanın, çempionatın yarımçıq başa çatdırılmasına ən çox üzülən bəlkə də mən oldum. Bildiyiniz kimi, “Qəbələ” akademiyasının əsas məqsədi futbolçu yetişdirmək, ölkə futboluna bəxş etməkdi. Futbolçu yetişdirmək üçün isə onu oynatmalısan, daim meydanda olmalıdı. Koronavirusa görə uşaqlar neçə ay futbolsuz qaldılar. Ona görə də çempionatın bərpa olunmasının və qalan matçların keçirilməsinin tərəfdarıydım. Onsuz da çempion olacağımıza zərrə qədər də şübhəm yox idi. Ən yaxın izləyicimiz “Neftçi” idi, Bakıda onlara 5 top vurmuşduq. “Keşlə”yə 7-ni, “Səbail”ə 10-nu. Bu komanda U-15 liqasında ən güclüdü, bacarıqlı uşaqlarımız var, hamı deyir. Təsəvvür edin, 16 oyunun cəmi 1-ni heç-heçə başa vurmuşuq, məğlub olmamışıq, qapımızdan cəmi 3 top buraxmışıq. Deməyim odu ki, çempionluğa zərrə qədər də şübhəm yox idi. Heç kim də deyə bilməz ki, U-15 liqası davam etsəydi, “Qəbələ” yox, başqa komanda çempion olardı. Amma yenə deyirəm, sona qədər oynamaq daha yaxşı olardı”.

Xaqani Məmmədov, “Qəbələ” (U-16): “Olduqca maraqlı çempionat izləyirdik. Həm gərgin mübarizə vardı, həm də turnir cədvəlindəki vəziyyət maraqlı görünürdü. Çempionluğa bir neçə namizəd vardı. Bizim kimi “Neftçi”ylə “Sumqayıt”, hətta “Sabah”da birinci yerə can atırdı. Amma yenə də çempion olacağımıza inanırdım. Çox istərdik ki, çempionat davam etsin, idman prinsipləri əsasında çempion olaq. Ancaq bizdən asılı olan iş deyildi. Mövsümboyu rəqiblərlə müqayisədə bir baş üstün görünürdük. Son ana qədər həm oyun məzmunu, həm də turnir cədvəlindəki xal baxımından üstün idik. Ona görə də haqq etdiyimiz çempionluğa qovuşduğumuza əminəm. Fürsətdən istifadə edib bu işdə uğuru olan hər kəsi təbrik edirəm”.

İlqar Əliyev, “Sabah” (U-17): “Açığı, çempionluğumuzda gözlənilməz bir şey görmədim. Bu komanda ilə 2 il əvvəl “Vətən” adıyla çempion olmuşduq, ötən il də olmalıydıq. Sadəcə, başım A kateqoriyasına qarışmışdı deyə, 4-5 oyunda iştirak edə bilmədim. Ona görə də “qızıl” əldən çıxdı. Ancaq çox istərdik ki, çempionluğu yaşıl meydanda bayram edək. Turnir cədvəlinə baxanda hər şey aşkar görünür. Əsas rəqiblərlə oynayıb qalib gəlmişdik. Ən yaxın izləyicimiz “Zirə” idi, onları da 7 xal qabaqlayırdıq. Halbuki onların kifayət qədər gərgin matçları vardı. Çempion olacağımıza 99 faiz əmin idim. Əlbəttə, çətin olacaqdı, amma maneə ilə qarşılaşacağımızı gözləmirdim. Məntiqəuyğun, tər-təmiz çempionluqdu. Ən çox qələbə qazanan, ən çox top vuran, “Keşlə” ilə birlikdə ən az top buraxan komandaydıqsa, deməli, kimsə qazandığımız “qızıl”a söz deyə bilməz. “Keşlə”ni udandan sonra rəqib komandaların məşqçilərindən çempionluqla bağlı təbrik mesajları almışdım. Açığı, çempionatın bərpasını istəyirdik ki, çempionluğu sona 3-4 tur qalmış rəsmiləşdirib, uşaqlarda özünəinam yaradaq, bu onlara stimul olsun” (Futbol+).

Gördüyünüz kimi, çempion komandaların baş məşqçiləri qazandıqları uğura kiminsə ağız büzə bilməyəcəyini deyir. Son ana qədər turnir cədvəlində başqalarına yuxarıdan aşağı baxırdılarsa, bu cür inamlı danışmaq tam haqlarıdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı