"Niyə daha ağıllı olacağımızı düşünməyək?"

20 May 2020 16:00 Azərbaycan Futbolu 420
"Niyə daha ağıllı olacağımızı düşünməyək?"

“Düşünmürəm ki, koronavirus xəstəliyindən sonra köklü nəsə dəyişiklik olsun”.

bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Qitə futbol qurumunun rəhbəri koronavirus pandemiyası səbəbindən dünya futbolunda baş verə biləcək dəyişikliklər barədə suala cavab verib. Sloveniyalı futbol funksioneri məsələyə pozitiv yanaşmağı məsləhət görüb:

“Yeni təcrübədir və bu qanlı virusdan qurtulduğumuz zaman hər şey əvvələ dönəcək. İkinci Dünya Müharibəsindən və ya Birinci Dünya Müharibəsindən sonra futbol dəyişməyib, virus səbəbindən də dəyişməyəcək.

İnsanlar dəfələrlə deyirlər ki, dünya koronavirusdan sonra əvvəlki kimi olmayacaq. Bu həqiqət ola bilər. Amma mənim fikrim belədir: niyə bu virusdan sonra dünyanın daha yaxşı olacağını düşünməyək?

Niyə daha ağıllı olacağımızı düşünməyək və ya nə qədər kövrək, həssas olduğumuzu başa düşməyək? Beləliklə, hər zaman öyrəniləcək dərslər var".

Koronavirus pandemiyası səbəbindən Belarus istisna olmaqla Avropanın bütün milli çempionatları, həmçinin avrokuboklar dayandırılıb. Hələlik yalnız Almaniya Bundesliqası bərpa olunub.

Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?