
Sportinfo.az xəbər verir ki, "Xəzər Lənkəran"ın rumıniyalı sabiq futbolçu Adrian Skarlate hazırda barəsində Türkiyədə həbs qəti imkan tədbiri seçilmiş azərbaycanlı milyarder Mübariz Mənsimov, onun qardaşı Mais Mənsimov və klubun vitse-prezidenti Tuyğun Nadirovu məhkəməyə verməyə hazırlaşır.
"FİFA və Azərbaycan Ali Məhkəməsinin bu məsələdə qalib gəlməyim barədə qərarı var. Orda da 1 illik maaşımın ödənilməməsi ilə bağlı bənd var.
Lakin son 4 ildə Mais Mənsimovla Tuyqun Nadirov Lənkərandan olan məhkəmə icraçıları ilə birləşərək saxta işlər görməkdədirlər. Onlar saxta sənədlərdən istifadə edərək bir neçə dəfə "Xəzər Lənkəran”ın prezidentinin və rəsmilərinin vəzifələrini dəyişiblər. Halbuki klub onlara məxsus idi və hazırda da elədir” – o, deyib.
Amma Lənkəran klubunun mətbuat xidmətinin katibi Hüseyn Cəbrayıloğlu bildirib ki, rumın legionerin borcunun bir qismi qaytarılıb (anews.az): "Onun şikayəti Azərbaycan məhkəmə orqanlarını mərhələli şəkildə keçib və ən sonda qərar qəbul olunaraq, borcunun bir qismi ödənilib.
Klub fəaliyyətini 2016-cı ildə dayandırıb. Rəhbər işçiləri həmin il sponsor şirkətin digər bir qurumuna transfer olub. Ona görə də burada hansısa bir sənəd dəyişməsi və ya məhkəmə orqanlarının işçiləri ilə iş birliyi haqqında söz ola bilməz".
O həmçinin qeyd edib ki, Skarlatekinin sözləri hüquq müstəvisində özünə qarşı işlənə bilər.